...

Azərbaycan-Uruqvay ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 22 May 2013 18:05 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Uruqvay ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Elmar Məmmədyarov nümayəndə heyətini salamlayıb və bu səfərin iki ökə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açacağını qeyd edib.

Azərbaycanın Cənubi Amerika regionu, xüsusilə də Uruqvayla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən nazir enerji, tikinti-memarlıq, aqrobiznes kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Azərbaycan-Uruqvay ikitərəfli münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolunu qeyd edən Məmmədyarov Uruqvay Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və parlamentlər arasında təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Kardoso səmimi qəbula görə təşəkkür edib və ölkəsinin Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Sədr parlamentlər arasında təmasların artırılmasının əhəmiyyətini qeyd edib və Uruqvay Parlamentində fəaliyyət göstərən Uruqvay-Azərbaycan Dostluq Qrupunun fəaliyyətini yüksək qiymətləndirib, həmçinin müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycana səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı reallıqlarla tanış olmaq və münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini yaxından öyrənmək imkanı əldə etdiklərini vurğulayan Kardoso, həmçinin Azərbaycanı tolerantlıq nümunəsi adlandırıb və ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın özünü regionda təcrid etdiyini vurğulayıb və destruktiv mövqeyindən əl çəkməli olduğunu qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsi, eləcə də mədəniyyət, humanitar və idman sahələrində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti