...

Türkiyənin Prezidenti və Baş naziri 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 May 2013 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Türkiyə Prezidenti Abdullah Gül və Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

Təbrikdə deyilir: "Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Zati-aliləri, Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarımızı türk xalqı və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm.

Azərbaycan ilə gücünü ortaq dil, inanc, mədəniyyət, tarix və dəyərlərimizdən alan və "bir millət, iki dövlət" devizi əsasında həyata keçirdiyimiz güclü dostluq, qardaşlıq və əməkdaşlığın hər sahədə artaraq davam etməsini səmimi qəlbdən arzu edirik.

Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin yaradılması istiqamətindəki ortaq səylərinin hər iki ölkə üçün yeni uğurlara yol açacağına əminəm.

Fürsətdən istifadə edərək, Zati-alilərinizin sağlamlıq və xoşbəxtliyi ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı naminə ən səmimi diləklərimi bir daha bildirirəm".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə təbrik məktubunda bildirib:

"Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə, millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm. Bu mənalı gündə Azərbaycan xalqının haqlı qürurunu və şövqünü ürəkdən paylaşırıq.
Mükəmməl səviyyədəki ikitərəfli münasibətlərimizin və ortaq tarix, mədəniyyət və adət-ənənələrlə bir-birinə bağlanan qardaş xalqlarımız arasındakı güclü həmrəyliyin hər sahədə dərinləşərək gələcək nəsillərə çatdırılacağına inamım sonsuzdur.
Aramızdakı yaxın bağların və həmrəyliyin, xalqlarımız üçün səmərəli olduğu qədər, regionumuzun sülh və rifahının təmin edilməsi baxımından da mühüm olduğunu düşünürəm. Bu çərçivədəki əməkdaşlığımızı qətiyyətlə davam etdirmək yolundakı iradəmiz tamdır.
Fürsətdən istifadə edərək, Sizin sağlamlıq və xoşbəxtliyiniz ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı üçün ən səmimi diləklərimi bir daha bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti