...

Əli Əhmədov: Milli Şura ideyasının ciddi siyasi amilə çevrilməsi mümkün deyil

Siyasət Materials 29 May 2013 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/

"Milli Şura ideyası ölü doğulmuş uşaq kimi bir şeydir. Yaradılmamış daxili intriqalar başlayıb. Bir neçə müddətdir elan olunacağı anonsunu verirlər, lakin razılığa gələ bilmirlər. Azərbaycanın ənənəvi müxalifəti parçalanmağı birləşməkdən daha yaxşı bacarır. Neçə ilin təcrübəsi göstərir ki, müxalifətdaxili inteqrasiyanın potensialı çox zəifdir. Bu potensialla müxalifətin hər hansı birlik yaratmaq şansı demək olar ki, yoxdur. Ona görə də Milli Şura ideyasının ciddi siyasi amilə çevrilməsi mümkün deyil" . Bu fikirləri Trend-ə açıqlamasında əvvəlcədən bəyan edilməsinə baxmayaraq, müxalifətin mayın 28-də Milli Şuranı elan edə bilməməsinə münasibətində YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov qeyd edib.

YAP-ın Sədr müavininin sözlərinə görə, Milli Şuranın ciddi siyasi faktora çevrilmək şansının olmaması təkcə bunda deyil: " Milli Şurada birləşəcəyi etimal olunan şəxslər və onların təmsil etdiyi təşkilatlar özü elə ciddi siyasi amil deyil. İstər birləşmiş olsun, istərsə də birləşməmiş. Necə deyərlər, toplananların yerinin dəyişməsi cəmə təsir etməz. Xüsusilə də, toplananlar kəmiyyət baxımından cüzi rəqəmlə ifadə olunduqda".

Milli Şura ideyası haqqında, o cümlədən onun Azərbaycana xaricdən gətirilməsi haqqında səslənən fikirlərə münasibət bildirən Əli Əhmədov "əslinə qalsa, Milli Şura ideyası elə bir gücü özündə ehtiva etmir ki, onun haqqında çoxsaylı fikirlər səslənsin. Müxalifətin mətbuatını kənara çıxsanız, Milli Şura haqqında danışan dəmək olar ki, yoxdur. Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə bu barədə jurnalistlərin suallarını cavablandırarkən fikir bildirirlər" - deyə qeyd edib.

Milli Şura ideyasının Azərbaycana xaricdən transferi ilə bağlı səslənən fikirləri şərh edən YAP-ın Sədr müavini Əli Əhmədov "od olmasa tüstü çıxmaz" atalar sözünü xatırladaraq, vurğulayıb ki, müxalifətin daxilində müxtəlif coğrafi istiqamətləri təmsil edənlər arasında Milli Şuranın məram və məqsədlərinə münasibət də ciddi fərqlənir. "Rüstəm İbrahimbəyovun İsa Qəmbərin Qərb inteqrasiyası məsələsi ilə əlaqədar təklifinə təpki göstərməsi "xoruzun quyruğu görünür" effekti verir. Milli Şura ideyasının xaricdən, özü də hansı coğrafi istiqamətdən ötürülməsi məsələsinə tək bu misal kifayət qədər aydınlıq gətirir. Bundan güclü dəlil axtarmağa, məncə ehtiyac qalmır" - deyə Əli Əhmədov bildirib.

YAP rəsmisinin sözlərinə görə, milli dayaqları olmayan istənilən ideyanın Azərbaycan mühitində kök olması qeyri - mümkündür. Bu halda adın fərqi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti