...

Əli Həsənov: Prezident İlham Əliyevin seçkidə qalib gəlməsi faktiki olaraq heç kəsdə şübhə doğurmur

Siyasət Materials 29 May 2013 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevn 2013-cü ildə namizədliyinin dəstəklənməsi və qalib gəlməsi Azərbaycanda faktiki olaraq heç kəsdə şübhə doğurmur.
Əli Həsənov: Prezident İlham Əliyevin seçkidə qalib gəlməsi faktiki olaraq heç kəsdə şübhə doğurmur

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyevn 2013-cü ildə namizədliyinin dəstəklənməsi və qalib gəlməsi Azərbaycanda faktiki olaraq heç kəsdə şübhə doğurmur, Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-Hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Həsənov bildirib ki, hətta daxili dəyərləndirmələri kənara qoyaraq, Avropa İttifaqı, Avropa Komissiyası nəzdində fəaliyyət göstərən bir qurumun keçirtiyi sorğuya görə, Azərbaycanın səsvermə hüququ olan vətəndaşlarının 92 faizi Azərbaycan hökumətinin fəaliyyətindən ümumən razıdır: "Bu o deməkdir ki, Azərbaycan seçicisi 2013-cü ildə keçiriləcək seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bizim buna şübhəmiz yoxdur, lakin məlum prosedurlar var ki, biz onları həyata keçirməliyik, biz demokratik dövlətik. Bu anlamda 2013-cü il prezident seçkiləri də demokratik əsaslarda keçiriləcək, tam şəffaf olacaq, insanlara öz iradəsini sərbəst şəkildə ifadə etmək şəraiti yaradacaqdır və bunun nəticəsində prezident seçkiləri baş tutmuş hesab olunacaq".

PA rəsmisi bildirib ki, hakimiyyət QHT-lər Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməsini çox yüksək dəyərləndirir, çünki vətəndaş cəmiyyəti təşkilatları, gənclər, həmkarlar, veteranlar tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsi vətəndaşların onun fəaliyyətinə verdiyi dəyərdir: "Bir ölkə başçısı, Prezident üçün bundan yüksək dəyər, qiymətləndirmə ola bilməz".

PA rəsmisi qeyd edib ki, həmkarlar cəmiyyətin ən çətin idarə olunan qruplarıdır və həmkarlar hər zaman dövlət qurumlarında zəhmətkeşlərin hüquqlarının müdafiəsi üçün yaranıb, ona görə də onlar bir qayda olaraq dövlətə opponentlik edirlər: "Gənclər isə hətta ailələrində belə valideynlərin mövqelərinə opponentlik edən kateqoriyadır. QHT-lər də hökumətin görə bilmədiyi və yaxud görmək istəmədiyi işlərlə məşğuldur. Və bu səbəbdən QHT-lər də hakimiyyətə, onun siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır. Bu səbəbdən Milli QHT Forumunun ölkədə təmsil etdiyi 600-dən çox təşkilatın adından 2013-cü ildə keçiriləcək Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat verməsi bizim üçün çox dəyərlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti