Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/
Türkiyə Ermənistanla sərhədində Qars-Gümri dəmiryolunun öz ərazisindəki 112 kilometrlik hissəsinin təmirinə başlayıb. Ermənistan Qars-Gümrü dəmiryolunu göz bəbəyi kimi qoruyub saxlayıb.
Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, müxtəlif təmizlik və cüzi bərpa işi aparmaqla Qars-Gümrü dəmiryolunun Ermənistan hissəsini 2-3 günə fəaliyyətə buraxmaq mümkündür: "Türkiyəyə isə uzun müddət vaxt lazımdır. Ermənistanın Rusiya istiqamətində ikibaşlı oyunlarının, Rusiya ilə inteqrasiyaya qeyri-ciddi münasibətinin ən mühüm göstəricisi də dəmiryolları məsələsindədir. Meğri dəmiryolunu söküb darmadağın edən ermənilər Qars-Gümri dəmiryolunu göz bəbəyi kimi qoruyub saxlayırlar".
Əhmədoğlu qeyd edib ki, Meğri dəmiryolu Ermənistanı Azərbaycan ərazisi vasitəsilə Rusiyaya birləşdirir. Qars-Gümrü dəmiryolu isə Ermənistanı Türkiyə vasitəsilə Qərbə qovuşdurur: "Əgər Ermənistan Türkiyə vasitəsilə Qərbə qovuşacaqsa, Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişməsi şəksizdir. Azərbaycanın Türkiyənin indiki və sonrakı hökumətlərinə təsir etmək imkanları var və həmişə olacaq. Türkiyə cəmiyyəti həmişə azərbaycanpərəst olub və uzun müddət azərbaycanpərəst olacaq".
Politoloq vurğulayıb ki, Ermənistanı Türkiyəyə birləşdirəcək dəmiryolunun Türkiyə hissəsi azərbaycanlılar yaşayan ərazilərdən keçir.
Əhmədoğlunun sözlərinə görə, Azərbaycanın Türkiyənin ümumi davranışına, onun Ermənistanla siyasətinə, eləcə də Qars-Gümri dəmiryolunun funksionallaşmasına istənilən qədər təsir etmək imkanı var: "Dağlıq Qarabağ məsələsi həll olunmadan Qars-Gümrü dəmiryolu işləməyəcək. Ermənistan Qarabağı qaytarmaq şərtilə Qərbə inteqrasiyanın tərəfdarıdır. Lakin Ermənistan Qarabağı qaytarmaq şərtilə Rusiyaya inteqrasiya olunmağı rədd edir. Qars-Gümrü və Meğri dəmiryollarına Ermənistanın münasibəti onun təhtəlşüurunun göstəricisidir".