Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Mehdiyev/
Rusiyanın Cənubi Qafqaz regionu üzrə indiki siyasətini müstəqil siyasət qurmasının başlanğıcı hesab etmək olar. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq hesab edir ki, bu siyasətin üç tərkib hissəsi var: "Birincisi, Rusiya Ermənistanın maraqlarını nəzərə almır, onu özünə strateji müttəfiq hesab etmir; ikincisi, Rusiyanın Gürcüstanla iqtisadi münasibətlərinin qurulmasında şərab məhsullarının ön plana çıxarması təsadüfi deyil. Gürcüstan Rusiya bazarına ildə 100 milyon dollar məbləğində şərab göndərmək niyyətindədir. Gələcəkdə bu rəqəmi artıracaq. Erməni şərabının Rusiya bazarında ən böyük rəqibi gürcü şərabı idi. Rusiya şərab bazarından 100 milyon dolların Gürcüstana gəlməsi həmin məbləğ pulun Ermənistana getməməsi deməkdir".
Əhmədoğlu qeyd edib ki, Ermənistan Rusiya ilə Gürcüstan arasında düşmənçilik yaratmaqla qazanc əldə etmək istəyirdi: "Bir neçə il qazandı. İndi ondan da məhrum olur. Rusiya-Gürcüstan münasibətlərinin ermənilərin nəzarətindən çıxması və ya müstəqilləşməsi yaxın illərdə regionun arxitekturasını dəyişə bilər. İndi bu proses müəyyən mənada gürcülər üçün ağrılıdır, çünki Rusiya Gürcüstana etdiyi yaxşılığın Abxaziya və Cənubi Osetiyanı qorxutmasını neytrallaşdırmaq üçün müəyyən addımlar atmalıdır. Cənubi Osetiyadan inzibati sərhədlərin Gürcüstanın daxilinə doğru 300 metr irəliləməsi bu mahiyyəti daşıya bilər. Ermənistan Rusiyanın maraqlarını daha çox nəzərə almağa hazırdır".
Politoloq qeyd edib ki, Rusiyanın daxili hərbi hissələrinə yerləşdirilməmiş "İskender-M" OTRK-nın Ermənistana gətirilməsi ilə bağlı ermənilərin yaydığı məlumatın bir məqsədi Azərbaycanı qorxutmaqdırsa, digər məqsədi Gürcüstana psixoloji təsirdir.
Əhmədoğlunun sözlərinə görə, BMT Baş Assambleyasında gürcü qaçqınlarının vəziyyəti müzakirə olunarkən Ermənistan ən azı neytral qala bilərdi və ya səsvermədə iştirak etməzdi: "Ermənistan səsvermədə iştirak edib Gürcüstanın əleyhinə səs verən 16 dövlətdən biri oldu. Həmin səsvermədə 84 dövlət neytral, 30-dan çox dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməmişdi. Ermənistan Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionunda vəziyyəti gərginləşdirməklə bağlı müxtəlif "tryuk"lar həyata keçirir. Guya dalaşan gənclər yalnız çaxalyanların iştirakı ilə barışa bilərlər, eləcə də Cavaxetiya erməniləri rəsmi Yerevanın qoyduğu sərhədi keçərkən 2,5 dollar dövlət rüsumu ödəməkdən narazılıq etməyə başlayıblar".
Politoloq hesab edir ki, hər iki hal Cavaxetiya ermənilərini qızışdırmağa hesablanıb.
Əhmədoğlunun fikrincə, Gürcüstanın Ermənistana cavab verməsi indiki şəraitdə Ermənistanı çətin vəziyyətə sala bilər, ermənilərin gürcülərə qarşı bu hərəkətinin arxasında Qarabağ məsələsinin Cavaxetiya məsələsi ilə əvəzlənməsinə hesablanmış addım ola bilər: "Üçüncü mənbə Rusiyanın Azərbaycanla apardığı yeni tipli siyasətdir. Rusiya Qarabağ da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alır. Ermənistan bütün tarixi boyu əlində olan ən böyük üstünlüyündən məhrum oldu: Rusiya Cənubi Qafqazda müstəqil siyasət aparmağa, ermənilərin maraqlarını nəzərə almamağa başladı".
Politoloq qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri (FTX) Nikolay Patruşevin Yerevana səfəri Rusiyanın Ermənistanla bağlı siyasətinin konseptual və inadkar olduğunu göstərdi: "Patruşev Ermənistanın bütün sərhədlərinin təhlükəsizliyinin təminini müzakirə etdi. Ermənistan dörd dövlətlə qonşudur. Onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruyur. Ermənistanın Gürcüstanla olan sərhədi Aİ-nin (Qərbin) nəzarəti altındadır. Ermənistan-Azərbaycan sərhədi hal-hazırda nəzarətsiz zonadır, İran və Ermənistanın birgə qara məqsədləri üçün istifadə olunur. Ermənistanın təhlükəsizliyinin təmini ilə bağlı qaldırdığı hay-küy Rusiyanı vadar edir ki, Ermənistanın bütün dörd dövlətlə olan sərhədlərini öz nəzarəti altına götürsün və onun təhlükəsizliyinə tam təminat versin, Qərb və İranın oyunlarına son qoysun. Başqa sözlə, Patruşev mesaj çatdırdı: Rusiya ərazisi 29,4 min km2 olan Ermənistana tam təhlükəsizlik təminatı verməyə hazırdır".
Əhmədoğlu qeyd edib ki, Ermənistan 29,4 min km2-dən kənara, başqa sözlə Qarabağa tərəf baxmamalıdır. Rusiya Dağlıq Qarabağı Ermənistanın nəzarətindən çıxarır: "Patruşevin Ermənistana səfər edib prezident Serj Sərkisyanla görüşməsi Ermənistanın Aİ istiqamətindəki siyasətinin dinamik dövrünə düşdü. Sərkisyan Avropa Xalq Partiyasının qurultayında iştirak və çıxış edib Ermənistana qayıtdıqdan dərhal sonra Polşaya səfər etməyə hazırlaşarkən Patruşev Yerevanda onunla görüşdü. Son vaxtlar Sərkisyanın Avropa Xalq Partiyasının qurultaylarındakı çıxışında Sərkisyan Ermənistana qayıtdıqdan 1-2 gün sonra prezidentin mətbuat xidməti bu barədə məlumat yayırdı, indi isə yayılmadı. Patruşevlə görüşdükdən sonra Polşaya səfər edən Ermənistan prezidentinin Polşa prezidenti ilə birgə mətbuat konfransından Ermənistan mətbuatı yalnız antutürkiyə və antiazərbaycan fikirləri yaydı".
Əhmədoğlunun sözlərinə görə, Polşa mətbuatının yaydığı məlumatlar isə hər şeyin üstünü açdı: "Sərkisyan avrointeqrasiyadan geri çəkilir. Polşa Prezidenti Bronislav Komorovski Sərkisyanın həm Rusiya, həm də Aİ ilə əlaqələrin paralel inkişafının davam edəcəyi ilə bağlı fikrinə qətiyyətlə etiraz etdi. Həm AXP-dəki çıxışı, həm Polşa prezidenti ilə birlikdə keçirilmiş mətbuat konfransındakı məzmunun gizlədilməsi ötəri xarakterli hesab oluna bilməz. Sərkisyan AXP-də iştirakına xüsusi hazırlaşmışdı. Avrointeqrasiya sahəsindəki qələbə çələngini təkbaşına daşımaq niyyətilə AXP-nin Ermənistandakı digər iki üzvünün- müxalifətçi "İrs" və hakim koalisiyanın üzvü olan "Orinats Yerkir" partiyalarının AXP-nin qurultayına dəvətinə imkan verməmişdi. "Şərq Tərəfdaşlığı" layihəsinin Polşanın təşəbbüsü olmasını da Sərkisyan çox gözəl bilirdi. Patruşevin Ermənistanın hüdudlarını müəyyənləşdirməsi hər şeyi alt-üst etdi".
Politoloq onu da əlavə edib ki, Ermənistan dövlətçiliyinin təhlükə altında olması tezisi yenidən tez-tez təkrarlanır.
Əhmədoğlu hesab edir ki, Ermənistan Avropa İttifaqına qoşulmayacaqsa, Ermənistan Aİ ilə assosiativ üzvlük haqqında müqavilə imzalamayacaqsa, Ermənistan dövlətçiliyi təhlükə altında olacaq: "Ekspertlər Ermənistanın ciddi seçim etməsi zamanının çatdığını bildirirlər. Ermənistan Politoloqlar Assosiasiyasının sədri Amayak Ovannisyan Ermənistanı Aİ ilə assosiasiya sazişini imzalamayacağını bildirdi. Onun fikrincə, Sərkisyan bu sazişi imzalamaqdan son anda imtina edəcək və Aİ-yə "atacaq". Avropayönümlü erməni ekspertlərinin fikrincə, assosiativ üzvlüklə bağlı müqavilə imzalanmazsa, Qərb Ermənistanı cəzalandıracaq. Rusiyapərəst ekspertlər isə RF-in bugünkü addımlarına Ermənistanı assosiativ müqaviləni imzalamaq niyyətinə görə cəzalandırması kimi baxırlar".
Əhmədoğlu vurğulayıb ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin başçısı, səfir Trayan Xristea assosiasiya haqqında müqavilə ilə bağlı danışıqların başa çatdığını bildirdi: "Azad ticarət zonasının yaradılması haqqında müqavilənin son formaya salınması haqqında tamamlama işlərinin getdiyini bildirdi. Xristea Ermənistanın Aİ-yə qoşulması istiqamətində hərəkətlərinə Rusiyanın təzyiqlərini görmür. Ən azı, ona Ermənistan rəsmilərindən heç kim o mövzuda müraciət etməyib. Sərkisyan indidən noyabrda Litvada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə dəvət olundu. Ekspertlərin əksəriyyəti Aİ-yə inteqrasiyanı zəruri hesab etdikləri halda "Gallup" beynəlxalq sorğu agentliyinin tədqiqatlarına görə, əhalinin 61 faizi Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır".