...

Elmar Məmmədyarov Xorvatiya parlamentinin sədri ilə görüşüb

Siyasət Materials 5 İyul 2013 18:12 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Xorvatiya parlamentinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov qonağı salamlayıb və bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Nazir, həmçinin iki ölkənin istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnun olduğunu qeyd edib və parlament diplomatiyasının rolunu vurğulayıb.

E.Məmmədyarov müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına imkan yaradacağını diqqətə çatdırıb və Xorvatiyanı Avropa İttifaqına üzvlüyü münasibətilə təbrik edib.

Xorvatiya parlamentinin sədri İ.Leko ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. İki ölkə arasında, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Qonaq, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Xorvatiyanın prinsipial mövqeyinin olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti