Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə seçki ərəfəsində hər kəsi ehtiyatlı olmağa çağırıb.
Trend-in məlumatına görə, A.Paşazadə qeyd edib ki, qarşıdan prezident seçkiləri gəlir və Azərbaycana təsirlər artır: "Xüsusilə dindarlar bu məsələdə çox ehtiyatlı olmalıdırlar".
Paşazadə bildirib ki, Azərbaycanda dini təriqətlər müxtəlifliyi var və onlar arasında çox yaxşı tolerantlıq mövcuddur: "Nəzərə alsaq ki, bu il ölkədə prezident seçkiləri ilidir, siz dindarlar bu məsələdə ehtiyatlı olmalısınız. Elə edin ki, seçkilər ərəfəsində bizim dindarlarımızdan sui-istifadə olunmasın".
Şeyxülislam onu da əlavə edib ki, kənar adamların, siyasi şəxslərin məscidlərə müdaxilə etməsi qəti qadağandır və buna yol verilməməlidir: "Bizim işimiz dua etməkdir, xalqımıza, dövlətimizə dua etməkdir. Biz məsciddə insanların seçkilərdə iştirak etməsini təbliğ edə bilərik, lakin onların kimə səs vermələrinə təsir göstərə bilmərik".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payızda keçirilməsi nəzərdə tutulur.