Azərbaycan, Bakı, 25 iyul /Trend/
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 31 may tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaqn və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 348-7 maddə əlavə edilib:
"Maddə 348-7. Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlərin tələb edilməsi
Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə -
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilirlər.".