İran, Tehran 4 avqust / Trend, müxbir T.Cəfərov /
Bu gün keçirilmiş andiçmə mərasimindən sonra İranın yeni prezidenti Həsən Ruhani yeni nazirlərin siyahısını ölkə parlamentinin sədri Əli Laricaniyə verib. Bu barədə Trend-in müxbiri məlumat verib.
Məlumatda deyilir ki, parlament tərəfindən təsdiqlənməsi nəzərdə tutulan siyahıda yeni nazirlər, nazirliklərin proqramları haqqında məlumatlar və Ruhani administrasiyasının müxtəlif təklifləri öz əksini tapıb.
Laricani Ruhaninin addımını yeni prezidentin qərarlı olmasının rəmzi kimi qiymətləndirib.
Ruhaninin Laricaniyə verdiyi siyahıya aşağıdakı şəxslər daxildir:
Müdafiə naziri - Hüseyn Dehqan
Məhəmməd Xatəminin administrasiyası (1997-2005-ci illər) zamanı sabiq Müdafiə və Silahlı Qüvvələrin Logistik nazirinin müavini.
Rabitə və İnformasiya Texnologiyaları naziri - Mahmud Vayezi
Ruhaninin prezident seçkiləri zamanı müşaviri, İranın xarici işlər nazirinin Avropa və Amerika ölkələri üzrə keçmiş müavini
Kəşfiyyat naziri - Seyid Mahmud Alavi
İranın Ekspertlər Məclisinin üzvü, keçmiş deputat.
Ədliyyə naziri - Mostafa Purmohammadi
İranın ümumi Müfəttişliyin rəhbəri, keçmiş daxili işlər naziri.
Purmohammadi 1979-cu ildən 1986-cı ilədək İnqilab Məhkəməsinin prokuroru olub.
Elm, Tədqiqat və Texnologiya naziri - Cəfər Nili Monfared
Elektrotexnika sahəsi üzrə elmlər doktorudur, sabiq elm, tədqiqat və texnologiya nazirinin müavini.
Daxili işlər naziri - Abdolreza Rəhmanir-Fəzli
Ali Audit Məhkəməsinin, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş direktor müavini.
Neft naziri - Bijan Namdar Zangeneh
İranın sabiq prezidentləri Məhəmməd Xatəmi və Haşimi Rəfsəncaninin dövründə keçmiş neft və energetika naziri.
İqtisadi işlər və maliyyə naziri - Ali Tayyebniya
Sabiq İran prezidentləri Məhəmməd Xatəmi və Haşimi Rəfsəncaninin dövrüdə İqtisadi Komissiyasının katibi.
Kənd təsərrüfatı naziri - Mahmud Hojjati
Sabiq prezident Xatəminin dövründə kənd təsərrüfatı, yol və nəqliyyat naziri.
Xarici işlər naziri - Məhəmməd Cavad Zərif
İranın BMT-dəki saiq daimi nümayəndəsi.
Mənzil və şəhərsalma üzrə nazir - Abbas Əhməd Akhondi
Mənzil və şəhərsalma üzrə keçmiş nazir (1993-1997-cü illər).
Səhiyyə və tibbi təhsil naziri - Həsən Haşimi
İranın Oftalmologiya Cəmiyyətinin baş katibi.
Mədəniyyət və İslam irşad naziri - Əli Jannati
İranın Küveytdəki sabiq səfiri, Ayətullah Əhməd Jannatinin (İran Nəzarət Şurasının rəhbəri) oğlu.
Gənclərlə iş və idman naziri - Məsud Soltanifar
Gilan, Zəncan və Mərkəzi (Arak) quberniyaların sabiq qubernatoru.
Kooperativlər, əmək və əhalinin sosial müdafiəsi naziri - Ali Rabiee
Sabiq prezident Xatəminin müşaviri (1997-2005-ci illər) və Ali Milli Təhlükəsizlik Şurasında Ruhaninin müavini.
Enerji naziri - Həmid Çitçiyan
Enerji sabiq nazirinin müavini.
Təhsil naziri - Məhəmməd Əli Nəcəfi
Əkbər Haşimi Rəfsəncaninin dövründə sabiq təhsil naziri, Məhəmməd Xatəminin dönəmində Planlaşdırma və Büdcə Mərkəzinin rəhbəri.
Sənaye, mədən və ticarət naziri - Mohammadreza Nematzadeh
Əkbər Haşimi Rəfsəncaninin dönəmində sabiq mədən və sənaye naziri (1989-1997-ci illərdə). Həmçinin, Həsən Ruhaninin prezidentlik kampaniyasına sədrlik edib.
Qeyd edək ki, bu gün Tehranda İranın yeni prezidenti Həsən Ruhaninin rəsmi andiçmə mərasimi keçirilib.
Ölkənin yeni prezidenti Həsən Ruhani avqustun 3-də onu rəsmi olaraq, dörd il müddətinə təsdiq edən İran İslam İnqilabının lideri Ayətullah Seyyid Əli Xameneyi ilə görüşüb.
Xatırladaq ki, Həsən Ruhani 14 iyun 2013-cü il tarixində İranda keçirilmiş prezident seçkilərində ümumi səslərin 50 faizdən çoxunu toplayaraq qələbə qazanıb.