...

Azərbaycan və Belarusun xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Avqust 2013 17:57 (UTC +04:00)
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Valeri Vakulçik 2013-cü il avqustun 14-də ölkəmizə rəsmi səfərdə olub.
Azərbaycan və Belarusun xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Valeri Vakulçik 2013-cü il avqustun 14-də ölkəmizdə rəsmi səfərdə olub.

MTN-nin İctimai Əlaqələr Mərkəzindən Trend-ə daxil olan məlumata görə, əvvəlcə belaruslu qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi də yad edilmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Bundan sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Valeri Vakulçiki qəbul edib.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.

Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat verib.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən Valeri Vakulçik, respublikamıza səfərindən xoş təəssüratlar aldığını söyləyib. Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti