...

Prezident İlham Əliyev: Heç bir ölkə son 10 il ərzində Azərbaycan qədər inkişaf etməyib və inkişaf etmir (FOTO)

Siyasət Materials 12 Sentyabr 2013 00:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham Əliyev: Heç bir ölkə son 10 il ərzində Azərbaycan qədər inkişaf etməyib və inkişaf etmir (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi ki, Şəmkir rayonunda bir neçə tədbir keçirilir: "Onların içərisində içməli suyun verilməsi əlbəttə ki, xüsusi yer tutur. Bu layihənin icrası böyük əhəmiyyət kəsb edir. İçməli su insanlar üçün əsas məsələdir. Mən çox şadam ki, artıq Şəmkirdə də bu vacib infrastruktur layihəsi uğurla icra edilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

İçməli su layihələri, kanalizasiya xətlərinin çəkilişi ölkəmizdə geniş vüsət almışdır. Ölkəmizin müxtəlif yerlərində, demək olar ki, hər yerdə, hər şəhərdə bu layihələr icra edilir. Bəzi yerlərdə biz artıq açılışlarda iştirak etmişik, bəzi yerlərdə isə işlər hələ ki, davam etdirilir.

Ancaq qarşıya vəzifə qoyulmuşdur ki, 2015-ci ilin sonuna qədər, bəlkə ondan da tez bütün şəhərlərdə və əksər kəndlərdə təmiz içməli su təminatı təşkil edilsin. Bu layihələr təbii ki, böyük vəsait, böyük zəhmət tələb edir. Azərbaycan dövləti bu gün güclü dövlətdir. Ulu Öndərin dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan reallıqları bunu bir daha sübut edir".

Prezident qeyd edib ki, içməli su problemi ölkəmiz üçün həmişə böyük məsələ idi, həmişə insanları narahat edən böyük bir məsələ idi: "Bildiyiniz kimi, bizim əsas su mənbələrimiz ölkəmizin kənarında formalaşır. Su xətləri çəkilməli idi və çəkilib, su anbarları tikilməli idi və tikilib. Onlardan biri - Şəmkirdə Şəmkirçay dəryaçasının tikintisi davam edir. Bu dəryaçanın böyük əhəmiyyəti vardır. Çünki həm Şəmkiri və qonşu şəhərləri içməli su ilə təmin edəcək, eyni zamanda, 75 min hektar torpaq sahəsi suvarılacaqdır. Əlbəttə ki, Azərbaycanda su ilə bağlı məsələlər bütün dövrlərdə çox ciddi problem olaraq qalmışdır. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin göstərişi ilə su xətləri çəkilmişdir. Ancaq bu gün biz bu məsələlərin tam şəkildə həllinə nail oluruq və nail olacağıq. İnsanların sağlamlığı üçün əsas məsələ olan təmiz içməli su artıq hər bir şəhərə veriləcəkdir. Şəmkirdə də biz bu gün bunu qeyd edirik. Artıq sakinlərin bir hissəsi içməli suyu 24 saat ərzində alır. Yaxın zamanlarda şəhər su ilə tam təmin ediləcəkdir. Bununla bərabər, Şəmkirdə digər infrastruktur layihələri icra edilir. Qazlaşdırma məsələlərinə xüsusi diqqət göstərilir və bildiyimə görə, qazlaşdırma təxminən 90 faiz səviyyəsindədir. İndi kəndlərdə - bu günə qədər qazlaşdırılmamış kəndlərdə qazlaşdırma gedir. Şəmkirin bütün yaşayış məntəqələri təbii qazla təmin edilməlidir. Biz bu məsələni də həll edəcəyik. Demək olar ki, məsələnin əsas hissəsi öz həllini tapmışdır. Hər bir rayonda olduğu kimi, digər sosial infrastruktur layihələrinin icrası böyük əhəmiyyət kəsb edir.

Əvvəllər Şəmkirdə olarkən bir neçə açılışda iştirak etmişəm. Bu gün də bir neçə açılışda iştirakım nəzərdə tutulur. Bütün bunlar rayonun dinamik inkişafını göstərir. Burada tarixi abidələr, binalar bərpa edilir, küçələr salınır, abadlıq işləri gedir, gözəl mehmanxana tikilmişdir. Şəmkir tamamilə yeni bir görkəm alır. Şəhər doğrudan da ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Şəmkir ölkəmizdə ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni çox sevindirir. Çünki hər dəfə yenilikləri, abadlıq-quruculuq işlərini görəndə mən də sizin qədər sevinirəm. Şəmkirdə bütün bu işlər böyük zövqlə və rayona olan böyük məhəbbətlə icra edilir".

Artıq dördüncü dəfədir ki Şəmkirdə olduğunu deyən dövlət başçısı bildirib ki, son dəfə dörd il bundan əvvəl Şəmkirə gəlib: "Deyə bilərəm ki, şəhəri tanımaq çox çətindir. Şəhər tamamilə yeniləşir, gözəlləşir, əlbəttə ki, öz tarixi simasını saxlamaqla ən müasir şəhərə çevrilir. Əldə edilmiş bütün bu uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm.

Şəmkir doğrudan da sürətlə inkişaf edir. Şəmkir rayonunun inkişafı Azərbaycanda ümumi dinamik inkişafın təzahürüdür. Sizin rayonunuzun sürətli inkişafı onu göstərir ki, vaxtilə qəbul edilmiş və uğurla icra olunan regional inkişaf proqramları çox böyük əhəmiyyətə malik olan təşəbbüs idi. Çünki əgər biz o proqramları 2004-cü ildə qəbul etməsəydik və 2009-cu ildə ikinci proqram qəbul edilməsəydi, bütün bu işlərin görülməsi mümkün olmazdı. Məhz proqramların mövcudluğu və orada nəzərdə tutulan məsələlərin həlli bugünkü reallığı təmin edir. Bütün bu işlər düşünülmüş, ardıcıl şəkildə görülmüşdür.

İnfrastruktur, qaz, işıq, su, yollar. İnvestorlar cəlb edilmişdir, bölgələrə dövlət vəsaiti ayrılmışdır. Regional inkişaf proqramı hər il yüz milyonlarla manat vəsaitin qoyuluşu deməkdir. Son 10 il ərzində isə bütövlükdə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulmuşdur. Yəni, əgər illərə bölsək hər il orta hesabla 15 milyard dollar. Yəni, Azərbaycan kimi ölkə üçün bu, çox böyük bir rəqəmdir. Bütün bu vəsaiti biz düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət nəticəsində əldə etmişik. Azərbaycan xalqının zəhməti, istedadı hesabına və düzgün siyasət hesabına biz buna nail ola bilmişik. Bu gün Azərbaycanda olan dinamik inkişaf heç bir yerdə yoxdur. Mən bunu tam əminliklə və qətiyyətlə deyirəm. Ona görə yox ki, biz burada özümüzü tərifləyək. Amma bu, reallıqdır".

İlham Əliyev bildirib ki, heç bir ölkə son 10 il ərzində Azərbaycan qədər inkişaf etməyib və inkişaf etmir: "Bu ildə dinamik inkişaf təmin edilib. Altı ayın yekunları da onu göstərir.

Qeyri-neft sektoru sürətlə inkişaf edir, iş yerləri açılır, yoxsulluq azalır və abadlaşan şəhərlərimiz dediyim sözlərin ən gözəl təsdiqidir. Bir daha demək istəyirəm ki, bu reallıq özünü Şəmkir rayonunun timsalında çox gözəl şəkildə göstərir. Ancaq bu, o demək deyil ki, bütün məsələlər həllini tapıb. Yox, hələ ki, həllini gözləyən məsələlər var, o cümlədən Şəmkirdə. Onların içində xüsusilə rayon Mərkəzi Xəstəxanasının vəziyyətini xüsusi qeyd etmək istərdim. Mənə verilən məlumata görə, xəstəxananın vəziyyəti o qədər də yaxşı deyildir. Hesab edirəm ki, biz yaxın zamanlarda yeni xəstəxananın tikintisinə başlamalıyıq.

Bu, çox vacib məsələdir. İnsanların sağlamlığı üçün içməli su, tibbi xidmət, gözəl təbiət, təmiz hava - biz buna nail olacağıq.

Son vaxtlar mən müxtəlif şəhərlərdə gözəl xəstəxanaların açılışlarında iştirak etmişəm. Bu gün Yevlaxda, bundan bir həftə əvvəl Cəlilabadda, ondan bir həftə əvvəl Ağcabədidə.

Yəni, bu gün Azərbaycanın əksər şəhərlərində müasir tibbi xidmət vardır. Şəmkir kimi böyük rayonda mütləq müasir, böyük xəstəxana tikilməlidir. Biz bunu da edəcəyik. Lazım olan digər tədbirlər mütləq görüləcəkdir. Bir daha demək istəyirəm ki, bu tədbirlərin görülməsi üçün həm iqtisadi gücümüz, həm siyasi iradə vardır. Artıq görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, daha da zənginləşdirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin. Bir daha sizi bu gözəl hadisə münasibətilə və bütövlükdə Şəmkir rayonunda görülən işlərlə bağlı ürəkdən təbrik etmək istəyirəm. Bu işlərdə əməyi olan hər bir insana öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, rayonun inkişafı daim diqqət mərkəzində olacaqdır".

Şəmkirin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdıran Rayon Ağsaqqallar Şurasının sədri Məmməd Əmirov dedi: "Möhtərəm Prezident, Sizi şəmkirlilər adından, xüsusən ağsaqqallar adından səmimi salamlayıram. Qədim Şəmkir diyarına xoş gəlmisiniz!

Bu gün respublikada gedən tikinti-quruculuq işləri bizi çox sevindirir. Bu obyektiv gerçəklikdir. Bunu görməyənlərin görmə qabiliyyətində yəqin ki qüsur vardır. Bunu hər kəs görməlidir, normal adamlar bunu mütləq görməlidir. Bu gün açılışında iştirak etdiyiniz bir neçə obyekt vardır, o cümlədən yəqin parkın açılışını edəcəksiniz. O parkı dünən bir az gəzdik və bir daha şahidi olduq ki, belə şeylər mümkün imiş. Həm gözəl dizayn, həm gözəl arxitektura, həm gözəl keyfiyyət vardır, hər şey öz yerində. Bir şeyi nəzərinizə çatdırmaq istəyirəm, özünün ixtiyar çağını yaşayan ahıllar, ağsaqqallar üçün belə parkdan dəyərli heç nə yoxdur. İndi onların asudə vaxtlarını keçirmələri üçün tam şərait yaradılmışdır. O parkda hər şey zövq oxşayır. Ahılların, ağsaqqalların o parkda istirahəti onların gümrahlığına da təsir edəcək, ömürləri də artacaqdır. Bunun üçün Sizə sadəcə təşəkkür etmək, ya minnətdarlıq bildirmək həqiqətən çox azdır".

Prezident İlham Əliyev: Sağ olun.

Rayon poliklinikasının həkimi Nüşabə Seyidova dedi: "Cənab Prezident, Şəmkir rayonuna xoş gəlmisiniz. Biz Sizi həmişə sevmişik, indi də çox sevirik. Bu gün şəmkirlilərin sevincinin həddi-hüdudu yoxdur. Siz öz sərəncamınızla qurulan bu təmiz içməli su xəttinin və kanalizasiya sisteminin açılışında iştirak edirsiniz. Uzun müddət idi ki, şəmkirlilər içməli sudan əziyyət çəkirdilər. Çox sağ olun. Şəmkirlilər üçün belə bir şərait yaratmısınız. Təşəkkür edirik. Ömrünüz uzun olsun. Ömrünüz həmişə su kimi aydın olsun. Canınız sağ olsun. Biz həmişə Sizinləyik. Təşəkkür edirik".

Düyərli kənd 2 nömrəli orta məktəbin müəllimi İlhamə İbrahimova dedi: "Cənab Prezident, mən də Şəmkirin bütün təhsil işçiləri adından Sizi salamlayıram. Şəmkir torpağına "Xoş gəlmisiniz!" deyirəm. "Təhsil millətin gələcəyidir",- deyən ulu öndər Heydər Əliyevin davamçısı kimi Siz də hər zaman Azərbaycan təhsilinə diqqət və qayğı göstərmisiniz. Son illər bütün Azərbaycanda olduğu kimi, Şəmkirdə də çoxlu yeni məktəb binaları tikilib istifadəyə verilib. Yeni təhsil ocaqları, Oksford məktəbi, uşaq bağçası tikilib. Bu, bizi, bir müəllim kimi məni şəxsən çox sevindirir.

Cənab Prezident, bu gün bu yenilikləri, bu inkişafı gördükdə və Sizin gəlişinizlə bütün şəmkirlilər kimi, mənim də ürəyim qürurla döyünür. Bu qüruru bizə yaşatdığınıza görə çox sağ olun".

Prezident İlham Əliyev bildirdi ki, bu məsələlər çox böyük əhəmiyyət daşıyır, xüsusilə təhsillə bağlı olan məsələlər: "Bilirəm ki, Şəmkir rayonunda məktəb tikintisi sürətlə gedir.

Demək olar ki, məktəblərin əksəriyyəti yaxşı vəziyyətdədir. Hələ təmirə ehtiyacı olan məktəblər vardır. Onlar da təmir olunacaqdır. Yaxın zamanlarda bir dənə də təmirsiz məktəb qalmayacaqdır.

Təhsil, əlbəttə ki, hər şeyin təməlində dayanır. Çünki biz gəncləri necə yetişdirəcəyik, onlar hansı ruhda böyüyəcəklər, hansı biliklərə malik olacaqlar - ölkəmizin gələcəyi bundan asılı olacaqdır. Ona görə təhsil, səhiyyə məsələlərinə xüsusi diqqət göstərilir. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Bu statusa malik olmaq o qədər də asan məsələ deyildir, xüsusilə, hələ də davam edən iqtisadi və maliyyə böhranı illərində. Çünki bu böhran istər-istəməz əksər ölkələrə təsir etmişdir. Ancaq Azərbaycanda aparılan düşünülmüş siyasət, iqtisadi islahatlar və ölçülüb-biçilmiş addımlar bizi bu böhrandan böyük dərəcədə sığortalaya bilib. Bizim investisiyalarımız - infrastruktura, bölgələrin inkişafına, qeyri-neft sektoruna qoyulan investisiyalar bu gün imkan verir ki, biz artıq neft amilindən az asılı olaq. Ümumi daxili məhsulumuzun əksər hissəsi qeyri-neft sektorunda formalaşır. Ona görə, biz gəncləri elə yetişdirməliyik ki, onlar bu dinamikanı saxlaya, gələcəkdə Azərbaycanı qoruya, müstəqilliyi daha da möhkəmləndirə bilsinlər. Bunu etmək üçün bilik və vətənpərvərlik hissləri çox güclü olmalıdır. Vətənpərvərlik hisslərini gücləndirmək üçün ən gözəl amil görülən işlərdir. Çünki əminəm ki, gənclər, yaşlı nəsil, biz hamımız fəxr edirik ki, bu gün müstəqil, inkişafda olan dövlətdə yaşayırıq, öz hesabımıza yaşayırıq və nəhayət, taleyimiz öz əlimizdədir. Bugünkü reallıq, bugünkü müstəqil Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyin üstünlükləri nə qədər əhəmiyyətlidir. Çünki biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Ancaq taleyimiz öz əlimizdə olduğu halda biz bu inkişafa nail ola bilmişik".

Dövlər başçısı tam qətiyyətlə deyib ki, bundan sonra Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir: "Heç bir böhran, dünyada yaşanan heç bir digər xoşagəlməz məsələ bizi bu yoldan döndərə bilməz. Çünki bu, quruculuq, inkişaf, haqq-ədalət yoludur. Belə gözəl layihələrin icrası həm dövlətimizin gücünü, həm dövlət siyasətini göstərir. Bir də onu göstərir ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm, Sizə cansağlığı arzulayıram".

"Ataholdinq" ASC-nin qərb filialının əməkdaşı Hidayət Məmmədov dedi: "Cənab Prezident, mən də bütün şəmkirlilər adından Sizi salamlayıram. Tamamilə yeniləşən Şəmkirə "Xoş gəlmisiniz!" deyirəm. Sizin rəhbərliyiniz altında son illərdə Şəmkir rayonu Azərbaycanın bütün bölgələri kimi çox böyük, sürətli inkişaf yolu keçib. Gördüyünüz bu ağacların arxası, böyük ərazilər bu yaxınlara qədər boz torpaqlar idi. Son illərdə yüksək inkişaf nəticəsində Ulu Öndərimizin adını daşıyan mərkəzə, Abidələr parkına, göz oxşayan parklara baxdıqca fəxr edirik. Dünən biz bu parkda gəzərkən bir daha fəxr etdik ki, belə bir möcüzəli yerdə yaşayırıq. Buna görə şəmkirlilər Sizə çox minnətdardır. Siz özünüz demişkən qarşıda çox böyük işlər vardır. Bu işlərin də Sizin rəhbərliyiniz altında davam etməsini sidq-ürəkdən arzu edirəm".

Sonra Prezident İlham Əliyev "Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsini əks etdirən stendlərə baxdı.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verdi ki, Şəmkir şəhərinin su təchizatı sistemi 1960-cı illərdə yaradılmışdır. Şəhər içməli su ilə Cəyir çayı yatağında yaradılmış drenaj sistemi, subartezian quyuları və kəhrizlər vasitəsilə təmin olunsa da, bu, mövcud tələbatı ödəmirdi. Şəhərdə 2,2 min kubmetr tutuma malik 2 su anbarı mövcud olmuşdur. Magistral və paylayıcı su xətləri istismara yararsız vəziyyətə düşmüşdü. Şəmkir şəhərinin 37 min əhalisinin 12 mini mərkəzləşmiş qaydada 2-3 saatlıq cədvəl əsasında içməli su alırdı. Şəhərdə kanalizasiya sistemi mövcud olmamışdır. "Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci il perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Cəyir çayının hövzəsində yeni drenaj sistemi yaradılmış, magistral, anbarlararası su xətləri çəkilmişdir. İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef baxımından yüksək nöqtələrdə ümumi həcmi 7 min kubmetr olan 4 su anbarı inşa edilmiş, eyni zamanda, mövcud iki anbar əsaslı təmir olunmuşdur. Layihə çərçivəsində yeni xlorlayıcı qurğu və laboratoriya binası tikilmişdir. Yeni layihəyə əsasən, şəhərə saniyədə 200 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəyəcəkdir. Layihə üzrə aparılan işlərin podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir.

Dövlətimizin başçısı layihə ilə bağlı görülən işləri əks etdirən videoçarxa və Şəmkir rayonunun çirkab sutəmizləyici qurğusunun maketinə baxdı.

Qeyd edildi ki, Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 235 kilometr uzunluğundakı şəhərdaxili su şəbəkəsinin 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmış, 6900 ünvandan 2800-ü şəbəkəyə qoşulmuş, smart-kart tipli 2500 sayğac quraşdırılmışdır. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanılmışdır. Şəmkir şəhərində inşası nəzərdə tutulan 203 kilometr kanalizasiya şəbəkəsinin 115 kilometrlik hissəsində işlər başa çatmışdır. Tullantı suları şəhərin kənarında inşa edilən təmizləyici qurğuya ötürüləcəkdir. İcrasına 2011-ci ilin oktyabrında başlanılan layihə 2014-cü ildə başa çatdırılacaqdır.

Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Şəmkir şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti