Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda elmi dərəcəsi olan işçilərin əməyini stimullaşdırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan "elmlər doktoru" və "fəlsəfə doktoru" elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılsın.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.