Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin Trend-ə müsahibəsi
- Zəhmət olmasa, Səudiyyə Ərəbistanının Milli bayramı və Krallığın bu dövr ərzində əsas nailiyyətləri barədə məlumat verərdiniz.
- Bizim üçün Səudiyyə Ərəbistanının Milli bayramı ölkə vətəndaşlarının nəzərində böyük insan - Kral Əbdüləziz bin Əbdürrəhmanın (Allah rəhmət eləsin!) 83 il əvvəl bu torpaqları təhlükəsizliyin olmadığı və yoxsulluğun hökm sürdüyü çətin şəraitdə Səudiyyə Ərəbistanı Krallığı adı altında birləşdirməsi kimi önəmli hadisənin ildönümüdür. Bu qəhrəmanın (Kral) bizə miras buraxdığı Səudiyyə Ərəbistanı Krallığında İki müqəddəs şəhərin xadiminin rəhbərliyi altında sosial və iqtisadi sahələr daxil olmaqla bütün sahələrdə hərtərəfli inkişaf və böyük sıçrayış müşahidə edilir.
Həmçinin, Səudiyyə Ərəbistanı ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daha da yüksəldilməsinə, o cümlədən Krallığın bütün regionlarında təhsil, səhiyyə və sosial xidmətlərin pulsuz əsasda göstərilməsinə istiqamətlənmiş beşillik plan hazırlayır. Səudiyyə Ərəbistanının Kralı, hökuməti və xalqı fəxr edir ki, iki müqəddəs ziyarətgaha - Məkkədəki Kəbəyə və Mədinədəki Məscid ən-Nəbəviyə, habelə bura gələn bütün zəvvarlara xidmət edirlər.
Səudiyyə Ərəbistanının təcrübəsi göstərdi ki, xalqın iradəsi, qətiyyəti və uğurlu dövlət qurmaq kimi israrlı arzusu Krallığın banisi Əbdüləzizin (Allah rəhmət eləsin!) dövründən hazırda İki müqəddəs şəhərin xadimi, Kral Abdullah bin Əbdüləzizədək (Allah onu qorusun!) xalqın rəhbərlərinin səyləri ilə birləşib. Hər iki kral müxtəlif dövrlərdə Krallığın inkişafının möhkəmlənməsi üçün hər şey edib. Onlar möhkəm milli iqtisadi baza qurmağa və ölkəni iri elektrik enerjisi istehsalçısı və ixracatçısı sıralarına daxil etməyə, həmçinin insan resurslarından istifadə etməklə inkişaf baxımından dünyanın qabaqcıl ölkələrini ötüb keçməyə çalışıblar. Məhz bunun sayəsində Krallıqda xüsusilə elm və təhsil sahələrində hərtərəfli dirçəlişə nail olunub ki, bu da Səudiyyə Ərəbistanının BMT-nin vasitəsilə beynəlxalq ictimaiyyətdə rolunun fəallaşmasına imkan verib. Səudiyyə Ərəbistanı BMT-nin yaradılmasında bilavasitə iştirak edib.
Səudiyyə Ərəbistanı beynəlxalq arenada öz missiyası ilə ortaq olan siyasi və iqtisadi sahələrə böyük töhfə verib. Bunun sayəsində ölkə İslam və ərəb dünyasının liderinə çevrildi və milyonlarla müsəlmanın diqqət və hörmətini Krallığa cəlb etdi. Həmçinin, Səudiyyə Ərəbistanı İslam və ərəb dünyasında cərəyan edən müxtəlif proseslərdə qabaqcıl roluna görə dünya xalqlarının hörmət və minnətdarlığını qazandı.
- Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz və bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq üçün nə etmək lazımdır?
- Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikasını qarşılıqlı hörmət, dostluq və İslam irsinə, həmçinin birgə əməkdaşlıq və tərəflər arasında tam koordinasiyaya əsaslanan qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlər hər iki ölkənin maraqlarına xidmət edir, həmçinin bizim hamımız, İki müqəddəs şəhərin xadimi Kral Abdullah bin Əbdüləziz və onun qardaşı, əlahəzrət Prezident İlham Əliyev üçün qürur mənbəyidir.
Biz yaxın vaxtlarda bəzi ixtisaslamış konvensiyaların imzalanması yolu ilə iki ölkə arasında ticarət və investisiya əməkdaşlığının səviyyəsini yüksəltmək üçün hazırda Azərbaycanda qardaşlarımızla birgə iş aparırıq. Bundan əlavə, qarşıya qoyulan məqsədlərə çatmaq üçün qarşılıqlı investisiyaların təşviqi, sahibkar və biznesmenlərin səfərləri yolu ilə tədbirlər görürük.
Ölkələr arasında hava nəqliyyatı haqqında konvensiyanın imzalanması ilə bağlı danışıqlar aparılır və bu danışıqlar yekun mərhələdədir. Bu konvensiya imzalandıqdan sonra birbaşa reyslərin həyata keçirilməsi məqsədilə milli aviaşirkətlərə şans yaranır. Birbaşa aviareyslərin yaradılması turistlərin sayının çoxalmasına, ölkələr arasında əmtəə dövriyyəsinin artmasına təsir edəcək, həmçinin Səudiyyə Ərəbistanında müqəddəs yerlərə ziyarəti asanlaşdıracaq.
- Səudiyyə Ərəbistanın Suriya böhranı ilə bağlı mövqeyi nədən ibarətdir?
- Suriya xalqı həqiqətən də bir çox zülm, repressiya və işgəncələrə məruz qalıb. Onlardan ən sonuncusu kimyəvi silah vasitəsilə törədilmiş qırğındır. Biz Səudiyyə Ərəbistanı olaraq, Suriya xalqının yanındayıq. Mümkün olan bütün vasitələrlə mövcud zülmün qarşısını almağa çalışırıq.