...

Azərbaycanın KİV nümayəndələri Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edirlər

Siyasət Materials 30 Sentyabr 2013 13:48 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən qəzetlərin baş redaktorları "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) keçirdiyi soğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edirlər.
Azərbaycanın KİV nümayəndələri Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edirlər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) keçirdiyi sorğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edirlər.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Trend-ə bildirib ki, sorğu başlayanda elə bu nəticənin əldə olunacağı məlum idi: "Çünki Azərbaycan jurnalistikasının həyatında 2013-cü ildə ən əlamətdar addımlar məhz cənab İlham Əliyevin qərarı ilə atılıb. Bunlar, jurnalistlər üçün tarixdə olmayan hadisələrdir, yəni jurnalistlər üçün çoxmənzilli binanın istifadəyə verilməsi, mətduat üçün dövlət maliyyə dəstəyinin artırılması və s. bu kimi hadisələr sözsüz ki, jurnalistlərin həyatında çox böyük rol oynayıb".

A.Quliyevin sözlərinə görə, bundan əlavə bir neçə jurnalistin sosial vəziyyətinin yaxşılaşdırılması üçün Prezidentin şəxsən göstəriş verməsi, o cümlədən jurnalist Nicad Dağların müalicəyə göndərilməsi, bəzi jurnalistlərlə bağlı atılan fərdi addımlar Prezidentin mətbuat üçün etdiyi böyük işlərin 2013-cü ilə təsadüf edən müəyyən bir qismi idi: "Bütün bunların qarşısında Azərbaycan jurnalistlərinin də keçirilən sorğuya görə İlham Əliyevi mətbuatın dostu seçməsi tamamilə məntiqli və təbii nəticədir. Mən hesab edirəm ki, jurnalistlərin bu seçimi obyektivdir və İlham Əliyevin şəxsən media üçün, jurnalistlər üçün 2013-cü ildə gördüyü işlərin məntiqi nəticəsidir. Mən inanıram ki, 2014-cü ildə də belə sorğu keçirilsə, İlham Əliyev yenə jurnalistlərin dostu seçiləcək".

Trend İnformasiya Agentliyinin Azərbaycan Redaksiyasının rəhbəri Emil Hüseynli isə Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin yenidən jurnalistlərin dostu seçilməsinin əsas səbəblərindən biri Azərbaycan iqtidarı tərəfindən ölkədə söz və mətbuat azadlığının təmin edilməsidir: "Bu gün istənilən jurnalist açıq şəkildə öz fikrini ifadə edə bilir, istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesləri, ayrı-ayrı məmurların fəaliyyəti, bu və digər sahələrin fəaliyyəti ilə bağlı sərbəst informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malikdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə böyük qiymət, azad sözə, siyasi plüralizmə dəyər verir".

E.Hüseynli, həmçinin bildirib ki, jurnalistlər üçün yaşayış binasının tikilməsinə dair verilən qərarlar, dövlət tərəfindən KİV-ə maliyyə yardımlarının edilməsi də dövlət qayğısının tərkib hissəsidir: "Təsəvvür edin ki, jurnalistlərə mənzillərin verilməsi təşəbbüsü dünya praktikasında ilk dəfədir reallaşıb. İnanıram ki, dövlət öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini ötən illərdə olduğu kimi əsirgəməyəcək, azad mətbuatın Azərbaycanda davam etməsində öz səylərini göstərəcək".

E.Hüseynlinin sözlərinə görə, sadaladığı amillər nəticəsində Prezident İlham Əliyev aparılan sorğuda jurnalistlərin dostu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti