...

Azərbaycan Prezidenti və xanımı “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 2 Oktyabr 2013 13:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti və xanımı “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Beynəlxalq Mülki Aviasiya Təşkilatı - İKAO-nun tələblərinə uyğun olaraq 1996-cı il aprelin 1-də yaradılmışdır və Almaniyanın sertifikatlaşdırma orqanı - DQS-nin İSO keyfiyyət sertifikatını almışdır. Qurum Azərbaycan Respublikasının quru və su sərhədlərinə ümumilikdə 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Bu idarə tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.

Diqqətə çatdırıldı ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi 2012-ci ildə 130 min, o cümlədən 80 min tranzit hava gəmisinə xidmət göstərmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar həyata keçirən aviaşirkətlərin sayı artmaqdadır. Respublikamızın hava məkanından təyyarələrin artan axınının buraxılış qabiliyyətini təmin etmək məqsədi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası istismara verilmişdir.

Qeyd edildi ki, Baş Mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir. Bina memarlıq quruluşu ilə seçilməklə Heydər Əliyev Beynəlxalq Aeroportunda aerovağzal terminalı daxil olmaqla bütün bina və komplekslərlə uyğunluq təşkil edir.

Binanın birinci mərtəbəsində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, "Azəraeronaviqasiya" İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana, server və rabitə mərkəzi (İP ATS), fasiləsiz elektrik qidalandırıcı mərkəz, havalandırma sistemləri avadanlığı olan texniki otaqlar yerləşir.

Binada Avropa istehsalı olan iki lift quraşdırılmışdır. Liftlərdən biri ikinci mərtəbəyə, digəri isə 65 metr hündürlükdə yerləşən Hava Hərəkətinin İdarəedilməsi qülləsinə qalxır.
Mərkəzin ikinci mərtəbəsində Baş Hava Hərəkətini İdarəetmə Mərkəzinin əməliyyat zalı yerləşir. Əməliyyat zalından Azərbaycan Respublikasının bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Mərkəzdə quraşdırılmış hava hərəkətinin idarə edilməsinin ən müasir avtomatlaşdırma sistemi - "AIRCON 2100" dünyada məşhur olan istehsalçı - İspaniyanın "İndra" şirkətindən alınmışdır.

Bu mərtəbədə Hava Hərəkətinin İdarəedilməsi dispetçerlərinin həm standart, həm də qəza vəziyyətlərinə hazırlanması və təkmilləşdirilməsi üçün yeni trenajor kompleksi yerləşir. Burada Hava Hərəkəti İdarəsi qülləsinin radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılmışdır.

Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları (konsollar), hava-yer ultraqısa dalğalı (UQD) radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılmışdır.
Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı idarənin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılmışdır. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Son illərdə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı işə düşmüşdür. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur. Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.

"Azərbaycan Hava Yolları"nın təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri dünyanın onlarla ölkəsinə və şəhərlərinə uçuşlar həyata keçirir. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanmasıdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə də tanış oldular.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edildi ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni aerovağzal kompleksi istifadəyə veriləndən sonra ildə 3 milyon sərnişinə xidmət göstərmək mümkün olacaqdır. Ən müasir standartlara cavab verən aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetrdir. Üçbucaq formasında inşa edilən dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcəkdir.

Yeni terminalın binasında müasir eskalatorlar və sərnişin liftləri quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni "Airbus-340" təyyarəsinin salonuna baxdılar.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti