...

TÜRKKON müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrinə dair rəyini açıqladı

Siyasət Materials 10 Oktyabr 2013 10:23 (UTC +04:00)
Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TÜRKKON) seçki müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
TÜRKKON müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrinə dair rəyini açıqladı

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov/

Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TÜRKKON) seçki müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, tədbirdə TÜRKKON baş katibi Xəlil Akıncı bildirib ki, onların müşahidəçilərinin bir hissəsi Azərbaycanın işğal altında olan Ağdam rayonu ərazisində müşahidə aparıblar.

X.Akıncı bildirib ki, missiyada Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil olunub: "Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub".

Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə problemlər qeydə alınmayıb: "Bəzi məntəqələrdə "exit-poll" keçirilirdi. Ümumilikdə bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan Prezidentini təbrik edirik".

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti