Azərbaycan, Bakı, 19 oktyabr / Trend, müxbir M.Əliyev/
Azərbaycan vətəndaşları tam arxayın ola bilərlər ki, onların etimad göstərdikləri Prezident İlham Əliyev bundan sonra da ciddi səylə, milli maraqlara xidmət etməklə işini davam etdirəcək. Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib.
A.Quliyev vurğulayıb ki, növbəti 5 ildə də dövlət siyasətinin ana xəttində Azərbaycan vətəndaşı duracaq: "İlham Əliyevin yenidən Prezident seçilməsi o deməkdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bundan sonra da davam edəcək".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev inauqurasiya mərasimində etdiyi çıxışında fikirlərini ən vacib məsələ kimi Dağlıq Qarabağ probleminin həll olunmasına yönəldib: "Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, Azərbaycanın ordusu bütün potensialı ilə gücləndirilir, müdafiə sənayesinin potensialı artırılır və demək olar ki, Azərbaycan istər demoqrafik, istərsə də hərbi baxımından dəfələrlə Ermənistanı üstələyir".
A.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev açıq mesaj verib ki, əgər Ermənistan rəhbərliyi doğrudan da öz xalqının taleyini düşünürsə, işğalçı siyasətindən əl çəkməlidir və Azərbaycanın torpaqlarını azad etməlidir.
A.Quliyev deyib ki, Azərbaycanın xarici siyasəti ilə bağlı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan dövləti müstəqil dövlətdir, onun müstəqil siyasəti var, Azərbaycan dövlətinin apardığı siyasət onun milli maraqlarını ifadə edir, kiminsə diktəsi ilə öz xarici siyasətini müəyyənləşdirmir: "Azərbaycan bölgədə yeganə müstəqil dövlətdir ki, həqiqətən də öz maraqlarını təmin edə bilir. Xarici siyasətdə aparılan bu müstəqil siyasət bundan sonra da davam etdiriləcək".
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı Azərbaycanda bütün neqativ hallarla, xüsusilə rüşvətxorluq və korrupsiya ilə bağlı mübarizənin daha da kəskinləşəcəyini, təkcə inzibati cəza tədbirlərinin deyil, sistemli islahatların aparılacağını da vurğulayıb: "Hər bir məmur öz vəzifəsini dərk etməlidir, hər bir vətəndaşa vicdanla xidmət etməlidir, vətəndaşın məmnuniyyətini təmin etməlidir, vətəndaş dövlət qulluqçusundan narazı qalmamalıdır".
A.Quliyevin sözlərinə görə, bütün bunlar Azərbaycan xalqının milli mənafeyinə və Azərbaycan vətəndaşının sosial rifahına ünvanlanan prioritet istiqamətlərdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların,
ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.