...

Vladimir Putin Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Oktyabr 2013 19:16 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvanın Qərbi Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb.
Vladimir Putin Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvanın Qərbi Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin Millətlərarası münasibətlər üzrə Şuranın iclasında çıxışı zamanı bildirib ki, millətlərarası münasibətlər zəminində ixtilaflar adətən yerlərdən başlayır və onların qarşısını vaxtında almaq lazımdır.

Rusiya Prezidentinin fikrincə, yerlərdə rəhbərlər təəssüf ki, çox vaxt kabinet işinə üstünlük verirlər. Bunun isə heç bir faydası yoxdur, ya da faydası çox azdır:

"Məsələn, Biryulevoda, sizin bildiyiniz kimi, sakinlərin narazılığı illərlə yığılıb qalıb. Polisə, yerli hakimiyyətə müraciətlər olub. Yerlərdəki vəziyyəti olduğu kimi öyrənmək istəməyən, insanları eşitməyən və hər hansı tədbir görməyən hakimiyyət nəyə lazımdır?!"

O vurğulayıb ki, artıq regional və yerli rəhbərlərin səlahiyyətləri və onların millətlərarası münaqişələrin baş verməsinə görə məsuliyyəti barədə qanun imzalayıb. Qanuna görə, bu cür münaqişələrin qarşısını ala bilməyən məmurlar istefaya göndərilir. Prezidentin fikrincə, əgər yerlərdə rəhbərlik əhalinin sorğularına və fikrinə qulaq assaydı, onların problemlərini ədalətli və operativ şəkildə həll etsəydi, belə münaqişələrin əksəriyyətinin qarşısını almaq mümkün olardı.

V.Putin bildirib: "Bir daha vurğulayıram: hər bir ərazi, bazar, ev konkret bir insanın, rəhbərin və ya məmurun məsuliyyət sahəsidir. Bu məsuliyyətdən kiminsə boyun qaçırması yolverilməzdir".

Onun sözlərinə görə, bu cür məsuliyyətdən boyun qaçırmalar milli və dini zəmin də daxil olmaqla ağır münaqişələr, o cümlədən "bu cür münaqişələri qanunsuz üsullarla həll etmək cəhdləri" ilə nəticələnir.

RF Prezidenti əlavə edib ki, miqrasiya qanunvericiliyini pozan miqrantların qanunsuz hərəkətləri də yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti