...

Mədəniyyət Diplomatiyası üzrə İnstitutun Vaşinqton konfransında Azərbaycandan bəhs olunub (FOTO)

Siyasət Materials 5 Noyabr 2013 06:40 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov noyabrın 4-də Mədəniyyət Diplomatiyası üzrə İnstitutun dəvəti ilə bu təşkilatın Vaşinqton konfransında çıxış edib.
Mədəniyyət Diplomatiyası üzrə İnstitutun Vaşinqton konfransında Azərbaycandan bəhs olunub (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov noyabrın 4-də Mədəniyyət Diplomatiyası üzrə İnstitutun dəvəti ilə bu təşkilatın Vaşinqton konfransında çıxış edib. Qərargahı Berlin şəhərində yerləşən Mədəniyyət Diplomatiyası üzrə İnstitutun builki konfransı "Qitələr arasında əməkdaşlıq üzrə zirvə görüşü" adı altında 4-7 noyabr tarixlərində keçirilir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfransın ilk günü çıxış edən E.Süleymanovun məruzəsi konfransın gündəliyində dayanan "BMT Təhlükəsizlik Şurası və beynəlxalq hüquq" mövzusuna həsr olunub. Səfir tədbir iştirakçılarına bu mövzuda danışmaq istəyinin ilk növbədə Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri olması faktından irəli gəldiyini qeyd edib və cəmi 22 il müstəqillik tarixinə malik Azərbaycanın ilk dəfə, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında birinci olaraq dünyanın ən mötəbər beynəlxalq qurumuna seçilməsinin ölkəmiz üçün çox əlamətdar bir hadisə olduğunu bildirib. O bu uğuru Azərbaycanın bir dövlət olaraq qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin göstəricisi kimi qəbul etdiyini və Şura üzvü kimi ölkəmizin dünyada sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək üçün səylərini əsirgəmədiyini söyləyib.

Daha sonra səfir E.Süleymanov BMT Təhlükəsizlik Şurasının struktur və fəaliyyət prinsipləri, həyata keçirdiyi vəzifələr və qarşısında dayanan məqsədlər haqqında danışıb və bu qurumun qəbul etdiyi qərarların yaratdığı beynəlxalq hüquq öhdəlikləri və onların icra mexanizmləri barədə tədbir iştirakçılarına məlumat verib. Təhlükəsizlik Şurasının qərarlarının icrası kontekstində E.Süleymanov Şuranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi məlum dörd qətnaməyə istinad edib və 20 il ötməsinə baxmayaraq, Ermənistanın onları icra etməkdən imtina etdiyini, beynəlxalq ictimaiyyətin isə bu hala lazımi münasibət bildirmədiyini vurğulayıb.

Sonda səfir E.Süleymanov Mədəniyyət Diplomatiyası üzrə İnstitutun fəaliyyətini qeyd edərək, qitələr və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqun təşviqinə yetirdiyi diqqəti xatırladıb. O, bu mənada, həmçinin 31 oktyabr - 1 noyabrda baş tutmuş III Bakı Beynəlxalq Humanitar Forumun işindən söz açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqdən sitatlar gətirib və xüsusilə dünyada əməkdaşlıq, sivilizasiyalararası dialoqu gücləndirmək sahəsində medianın roluna dair fikirlərini iştirakçılarla bölüşüb.

Bundan əlavə, iştirakçıların suallarını cavablandırarkən səfir E.Süleymanov Azərbaycanda müxtəlif etnik və dini qruplara mənsub həmvətənlərimizin yaşadığı qarşılıqlı anlayış və hörmət mühitini təsvir edib və bu baxımdan Azərbaycanın digərləri üçün nümunə ola biləcəyini göstərib. Səfir dövlət qurumları ilə yanaşı, ictimai bir təşkilat olaraq Heydər Əliyev Fondunun yerli və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələri sadalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti