Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/
"Milli Şurada rəhbərlik yoxdur. Orada hansı həmsədrlikdən söhbət gedə bilər? Milli Şura başlı-başına qalmış, tərəzinin gözündə qalmış boyun ətinə bənzəyir. Yəni Milli Şuraya sahib çıxan yoxdur". Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Rüstəm İbrahimbəyov Milli Şuranı yaradandan sonra ümumiyyətlə Azərbaycana gəlməyib, guya uzaqdan oturub sədrlik edir:
"Ümumiyyətlə, Milli Şuranın nə ilə məşğul olması Rüstəm İbrahimbəyovu maraqlandırmır. Arada bir müsahibə, bəyanat verir, pul qazanmaqla məşğul olur. Yerdə qalanlar da dağılıb gedir, ortada qalan 5-6 nəfər var ki, onlar da ildə bir neçə təşkilat dəyişən adamlardır. Buna görə də orada hansı sədrlikdən, həmsədrlikdən söhbət gedə bilər? Ölü bir təşkilatdır".
Qeyd edək ki, Milli Şurada vahid sədrliyin ləğv edilməsi və həmsədrlik institutunun yaradılması təklif edilib. Ancaq bu təklif Milli Şura daxilində narazılığa səbəb olub.