Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov tədbiri acıq elan edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
General-mayor Ş.Sultanov məruzə ilə çıxış edərək bildirib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə mövcud olan qeyri-sabitlik, xaos və anarxiya hökm sürürdü.
Ş.Sultanov bildirib ki, ilk növbədə, tüğyan edən cinayətkarlığın qarşısının alınması və qanunçuluğun bərqərar olunması vacib idi: "Sabitlik və iqtisadi tərəqqinin əsasları yaradılmadan, insan və vətəndaş hüquq və azadlıqları etibarlı təmin olunmadan Azərbaycanın bərpa etdiyi müstəqillik böyük sual, təhlükə altında idi. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev böyük xarizması və peşəkarlığı hesabına xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə bu tarixi missiyasını yerinə yetirdi. Tədricən ölkədə ictimai-siyasi sabitlik yaradıldı, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərqərar edildi. Yalnız bütün bunlardan sonra yeni mühüm mərhələnin başlanğıcı, Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi üçün lazımi ictimai-siyasi şərait yarandı".
Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanmasını ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirən natiq qeyd edib ki, yeni Əsas Qanun humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı: "Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edən başlıca amillərdən olaraq milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkanlar açdı".
Qeyd edilib ki, Konstitusiyanın qəbul olunmasından sonra həyata keçirilən hüquqi islahatlar çərçivəsində bütün hüquq mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti Ali Qanunun müddəalarına və bundan irəli gələn tələblərə uyğun təkmilləşdirilib, həmin fəaliyyəti tənzimləyən yeni qanunvericilik bazası yaradılaraq, demokratik cəmiyyətdə xüsusi xidmət orqanlarına xas olan funksiyalar müəyyənləşdirilib. Bu sahədə görülmüş tədbirlər, aparılmış islahatlar nəticəsində milli təhlükəsizlik orqanları Azərbaycanı daxili və xarici təhdidlərdən qorumağa qadir olan, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin keşiyində duran çevik və səmərəli struktura çevrilib.
Son illər ərzində milli təhlükəsizlik orqanları tərəfindən terror-təxribat, pozuculuq və digər hüquqazidd əməllərin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində görülən işlər, əldə olunan uğurlu nəticələr bunun əyani sübutudur.
General-mayor Ş.Sultanov ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin milli maraq və mənafelərin etibarlı təminatı naminə həyata keçirdikləri mühüm işləri bir daha xatırladaraq bildirib ki, Konstitusiyanın müddəalarının tam reallaşdırılması prosesi bu gün də uğurla davam etməkdədir:
"Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilir. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan, bütün həyati əhəmiyyətli sahələri əhatə edən islahatlar prosesi və artıq əldə edilən böyük nailiyyətlər Azərbaycan dövlətinin parlaq və böyük gələcəyinə olan inamımızı daha da artırır. Bu islahatlar ölkə səviyyəsində bir çox fundamental problemlərin həllinə imkan yaratmaqla yanaşı, həm də respublikamızın dünya birliyinə inteqrasiyasını sürətləndirir, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə gətirib çıxarır.
Ölkə Prezidentinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanması və inkişaf etdirilməsi üzərində qurulub. Oktyabrın 9-da dövlətimizin başçısı İlham Əliyevin böyük üstünlüklə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi həyata keçirilən dövlətçilik kursuna xalqın etimadının və inamının ən yüksək ifadəsidir".
Bildirilib ki, ümummilli liderin tarixi qərarı ilə yaradılmış və bu günlərdə özünün 15 yaşını qeyd edəcək MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiyamızın qəbul edilməsinin 18-ci ildönümünün qeyd olunması da əlamətdar hadisədir.
Çıxış edən dinləyici leytenant X.Qələndərli, kursantlar K.Teymurzadə və R.Zəkiyev Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını şərəflə daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulayıblar.