Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə İƏT arasında sıx əməkdaşlıq əlaqələrinin olmasından məmnunluq ifadə olunaraq, münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri üzrə müzakirələr aparılıb.
Baş katib E.İhsanoğlu Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Şura və İƏT arasında tərəfdaşlığın gücləndirilməsi mövzusunda təşkil olunmuş iclasın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, İƏT-ə verdiyi dəstəyə, yardım və töhfələrə görə Azərbaycana dərin təşəkkürünü ifadə edib.
E.Məmmədyarov İƏT çərçivəsində əməkdaşlığın Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyərək, E.İhsanoğlunun təşkilatın daha da inkişaf etməsi və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən mühüm təsisat kimi rolunun artması ilə əlaqədar fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayıb.