...

Herman Van Rompuy: Viza sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində atılan addımdır

Siyasət Materials 29 Noyabr 2013 12:58 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Herman Van Rompuy Azərbaycanı və ölkə prezidenti İlham Əliyevi Avropa İttifaqı ilə viza sadələşdirilməsinə dair sazişin imzalanması münasibətilə təbrik edib.
Herman Van Rompuy: Viza sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində atılan addımdır

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Herman Van Rompuy Azərbaycanı və ölkə prezidenti İlham Əliyevi Avropa İttifaqı ilə viza sadələşdirilməsinə dair sazişin imzalanması münasibətilə təbrik edib. Trend-in məlumatına görə, Herman Van Rompuy bunu Vilnüsdə 3-cü Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən imzalanma mərasimində çıxışı zamanı bildirib.

Herman Van Rompuy deyib: "Viza sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində atılan növbəti addımdır".

Aİ Şurasının prezidenti qeyd edib ki, Aİ Azərbaycanla yaxın zamanda readmissiya sazişi və mobillik üzrə tərəfdaşlığa dair sazişin imzalanmasını səbrsizliklə gözləyir.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.

Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıb.

Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.

Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti