...

Elmar Məmmədyarov: Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Dekabr 2013 17:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak edib.
Elmar Məmmədyarov: Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 15:59-da yayılıb)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak edib.

Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, XİN rəhbərlərinin görüşündə aparılan müzakirələrin əsasını 2014-cü ildə başa çatacaq ISAF əməliyyatından sonra NATO üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və Əfqanıstan milli ordusuna yardım ətrafında fikir mübadiləsi təşkil edib.

E.Məmmədyarov çıxışında bildirib ki, Azərbaycan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün əsas tranzit marşrutudur və 2014-cü ildən sonrakı əməliyyat üçün də bu funksiyanı daşıyacaq: "Bu xüsusda, Türkiyə və Gürcüstan kimi dostlarımızla yaxından birgə işləyirik. Yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Azərbaycanda yeni Xəzər dəniz limanı ölkəmizin tranzit imkanlarına əlavə ciddi imkanlar gətirəcək".

O, Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadir olduğunu bildirib: "Əlavə olaraq, Azərbaycan hökuməti Əfqanıstan milli ordusu üzrə etimad fonduna öz töhfəsini verib və bu kimi ianələrini davam etdirəcək".

Nazir Azərbaycanın Əfqanıstanla münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edərək, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulayıb:

"Qeyd olunanların bizim regional təhlükəsizlik narahatlıqlarımızın və NATO ilə möhkəm əlaqələrimizin fövqündə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri və 2014-cü ildən sonrakı Əfqanıstan missiyası gündəliyimizdə prioritet məsələ olaraq qalmaqdadır".

XİN rəhbəri çıxışının sonunda Azərbaycan-NATO tərəfdaşlığına toxunub: "Biz qətiyyətlə alyansla qarşılıqlı öhdəliyə əsaslanan etibarlı münasibətlərin tərəfdarıyıq. Bölüşdüyümüz prinsiplər və dəyərlər, eləcə də müxtəlif mövcud və meydana çıxan mexanizmlər var ki, birgə baxışımız və əlaqələrimizin daha da inkişafı üçün möhkəm zəmin yaradır".

Səfər çərçivəsində E.Məmmədyarov Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı tərəflər NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatı, regional məsələlər, eləcə də enerji təhlükəsizliyi və müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti