Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında qabaqcıl yerlərdən birini tutur. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 4-də İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillonu qəbul edərkən bildirib.
C.Kutillonu təbrik edən nazir səfirin fəaliyyəti müddətində Azərbaycan-İtaliya əlaqələrinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib. Səfirə DİN-in funksiyaları və fəaliyyət istiqamətləri, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın təcavüzü ilə kriminogen durumun daha da ağırlaşdığı barədə məlumat verilib, vətəndaş müharibəsi astanasında olan Azərbaycanın bu fəlakətdən xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və görülən qətiyyətli tədbirlər nəticəsində qurtulduğu, həmçinin 1996-cıi ilin ortalarından başlayaraq sabitliyin bərqərar olduğu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyü vurğulanıb.
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini diqqətə çatdıran cənab R.Usubov ötən il noyabrın əvvəllərində İnterpolun Baş Assambleyasının İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 81-ci sessiyasında iştirakını, orada "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in imzalanmasını məmnunluqla xatırlayıb, bu sənədin hər iki ölkənin anoloji qurumları arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını bildirib.
Daha sonra daxili işlər naziri ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin, o cümlədən italiyalı mütəxəssislərin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini deyib. Qeyd olunub ki, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Polis Akademiyasında "İnsan hüquqları" üzrə xüsusi kurs təşkil olunub. Əməkdaşların peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Onlar müxtəlif xarici dövlətlərə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Son 4 ildə yalnız insan hüquqlarına dair ölkəmizdə və xarici dövlətlərdə keçirilən bu növ tədbirlərdə 1500-ə yaxın əməkdaş iştirak edib.
Nazir əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında qabaqcıl yerlərdən birini tutduğunu bildirib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.
General-polkovnik R.Usubov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq huququn hamılıqla tanınmış prinsipləri və normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli şəkildə həlli prosesinə verdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlığını bildirib.
Daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışan nazir transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı növlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluğa, qeyri-qanuni miqrasiyaya və insan alverinə qarşı mübarizənin tək bir dövlətin işi olmadığını, bu sahələrdə birgə mübarizə aparılmasının vacibliyini önə çəkib.
Səfir C.Kutillo səmimi qəbula və ətraflı məlumatla görə minnətdarlığını bildirib, ölkələrimiz və xalqlarımız arasında bir sıra oxşar cəhətlərin mövcudluğunu xatırladaraq, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd edib, əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.