...

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib

Siyasət Materials 7 Dekabr 2013 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

6 dekabr 2013-cü il tarixində Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasda Dostluq Cəmiyyətinin sədri, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev, ictimai xadimlər, jurnalistlər daxil olmaqla, Cəmiyyətin 30-dən artıq üzvü iştirak edib.

Tədbiri açan Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin il ərzində həyata keçirdiyi fəaliyyəti və əldə olunmuş nəticələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Səfir K.Xasiyev çıxış edərək Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin son zamanlar surətlə inkişaf etdiyini, xüsusi ilə də qarşılıqlı səfər və ikitərəfli təmasların rolunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya cari ilin 10-12 mart tarixlərində baş tutmuş səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd edib.

Əlavə olaraq, səfir Azərbaycanın zəngin tarixi və mədəniyyətindən söz açaraq, eyni zamanda gənc dövlətlər kimi Xorvatiya ilə Azərbaycan arasında oxşar məqamların çox olduğunu və bunun ölkələrimiz arasında daha da sıx münasibətlərin qurulması uçun möhkəm zəmin olduğunu söyləyib.

Tədbirdə Dostluq Cəmiyyətinin yeni üzvü, "Mən Azərbaycan haqqında nə bilirəm?" yarışmasının qalibi xanım İnes Beniç çıxış edib, Azərbaycana səfəri və təəssüratları haqqında iştirakçılara məlumat verib.

Tədbir Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinə yeni üzvlərin qəbulu və üzvlük kitabçalarının paylanması mərasimi ilə davam edib.

Daha sonra iştirakçılar Azərbaycan haqqında çəkilmiş qısametrajlı filmi seyr ediblər.

Yığıncağın sonunda Cəmiyyətin üzvləri və Səfirlik əməkdaşlarının iştirakı ilə kiçik ziyafət keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti