...

Səfir: İran-Türkiyə iqtisadi münasibətlərində yeni imkanlar yaranıb

Siyasət Materials 12 Dekabr 2013 13:47 (UTC +04:00)
Cenevrədə əldə olunan nüvə razılaşmasından sonra İran və Türkiyənin sahibkarları və iş adamları üçün iki ölkə arasında mübadilələrin aparılması daha da asanlaşıb və iki ölkənin iqitsadi münasibətlərində yeni fürsətlər yaranıb.
Səfir: İran-Türkiyə iqtisadi münasibətlərində yeni imkanlar yaranıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend müxbir T.Cəfərov/

Cenevrədə əldə olunan nüvə razılaşmasından sonra İran və Türkiyənin sahibkarları və iş adamları üçün iki ölkə arasında mübadilələrin aparılması daha da asanlaşıb və iki ölkənin iqitsadi münasibətlərində yeni fürsətlər yaranıb. Bu barədə çərşənbə günü Trend-ə İranın Türkiyədəki səfiri Əlirza Bigdeli bildirib:

"Türkiyəli dostlarımız yaranan bu fürsətdən maksimum istifadə etməyə çalışırlar və artıq bizim tərəfimizdən də bəzi araşdırmalar aparılıb, bir sıra işlər görülüb".

Səfir İstanbulda keçirilən biznes forumunu iki ölkənin əlaqələrinin inkişafında yeni dönəm və fürsət kimi dəyərləndirib: "İranda yeni hökumət təşkil olunduqdan sonra bu biznes forumun keçirilməsi ölkələrimiz arasında yeni dönəm və fürsətdir".

Onun sözlərinə görə, bu forum iki ölkə arasında ticari-iqtisadi əlaqələrin perspektiv inkişafına təkan verəcək.

Ə.Bigdeli qeyd edib ki, biznes forumda, həmçinin İran və Türkiyə arasında pul dövriyyəsində yaranan problemlərlə bağlı danışıqlar aparılıb: "Hər iki ölkənin iş adamları İran və Türkiyədə iqtisadi fəaliyyətin perspektivləri, sərmayələrin yatırılması və pulların dövriyyəsi ilə bağlı məsələləri ətraflı müzakirə etdilər. İranın İxracatın İnkişafı Mərkəzi, Türkiyənin Xalq Bankı və İranın Sənaye, Ticarət və Mədənlər Nazirliyinin nümayəndələri həmin məsələlərlə bağlı sahibkarların suallarını cavablandırdılar".

Səfir İran-Türkiyə münasibətlərinin hazırda 2010-cu illə müqayisədə daha çox inkişaf etdiyini və iki ölkə arasında qarşılıqlı inam və etimadın daha da artdığını əlavə edib.

O, qarşılıqlı sərmayələrin yatırılmasında artımın olduğunu və iki ölkə arasında ticarət sahəsində yeni təcrübələrin əldə olunduğunu bildirib.

Ə.Bigdeli İran-Türkiyənin münasibətlərinin diğər ölkələrlə müqayisədə daha çox inkişaf edəcəyini və bu biznes forumun iki ölkənin iqtisadi əlaqələrinin inkişafında təsiredici rol oynayacağını vurğulayıb.

İran və Türkiyə ticarət dövriyyəsini 35 milyard dollara qədər artırmağı planlaşdırırlar. 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 21,9 milyard dollar təşkil edib. Türkiyə, həmçinin 2012-ci ildə İrandan sutkada 130-140 min barel neft idxal etsə də, bu rəqəm 2013-cü ildə beynəlxalq sanksiyalarla əlaqədar olaraq 105 min barelə qədər azalıb.

2011-ci ildə isə Türkiyə İrandan sutkada 185 min barel neft idxal etmişdi. Bir müddət öncə İranın nüvə proqramı ilə əlaqədar tətbiq olunmuş beynəlxalq sanksiyalar səbəbindən Türkiyəyə satılan neftin pulunun İrana köçürülməsində problemlər yaşanmışdı.

Qeyd edək ki, bu gün İstanbulda İran və Türkiyə sahibkarları və iş adamlarının iştirakı ilə biznes forum öz işinə başlayıb. Forumda Türkiyə və İrandan 200-ə yaxın iş adamı və şirkət nümayəndəsi, hər iki ölkənin Ticarət və İqtisadiyyat nazirliklərinin nümayəndələri iştirak edirlər. Həmçinin, forumda İranın sənaye, ticarət və mədənlər nazirinin müavini Əhməd Dosthüseyni və İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti