...

Son illər münaqişənin təsiri altında olan insanların ehtiyaclarının dəyişməsi ilə BQXK da öz proqramlarını dəyişib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 24 Yanvar 2014 10:51 (UTC +04:00)
Son illərdə həll olunmamış münaqişənin təsiri altında olan insanların vəziyyəti sabitləşib. Yerli orqanlar məcburi köçkün və qaçqınlar üçün daha yaxşı həyat şəraiti təşkil edib.
Son illər münaqişənin təsiri altında olan insanların ehtiyaclarının dəyişməsi ilə BQXK da öz proqramlarını dəyişib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

Son illərdə həll olunmamış münaqişənin təsiri altında olan insanların vəziyyəti sabitləşib. Yerli orqanlar məcburi köçkün və qaçqınlar üçün daha yaxşı həyat şəraiti təşkil edib. Ona görə də BQXK-nın fəaliyyət dairəsi də dəyişib. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri BQXK-nın həyata keçirdyi fəaliyyətlər barədə məlumat verən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran deyib.

D.Duran bildirib ki, BQXK-nın missiyası münaqiqşə və zorakılığın təsiri altında olan insanlara yardım və müdafiəni təmin etməkdir: "BQXK Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bəri bu sahədə fəaliyyət göstərir. Son illər münaqişənin təsiri altında olan insanların ehtiyacları dəyişib. BQXK buna uyğun olaraq öz proqramlarını dəyişib. İlkin illərdə daha çox təxirəsallınmaz ilkin yardımlar göstərirdik".

Onun sözlərinə görə, BQXK-nın hazırda həyata keçirdiyi proqramları iki yerə bölmək olar: "Bunlar cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxslər və yaxınları münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır. Komitə münaqişə zonasında mina təhlükəsizliyi ilə bağlı yalnız kiçik hissədə fəaliyyət göstərir. Burada söhbət mina partlamaları nəticəsində zərər görmüş şəxslərin ailələrinə yardım edilməsindən gedir".

D.Duran deyib ki, beynəlxalq humanitar hüquqa riayətin vacibliyi hərbi dairələrin nümayəndələri ilə görüşlərdə diqqətə çatdırılır: "İstəyirik ki, beynəlxalq humanitar hüquqa riayət hərbi sənədlərə daxil edilsin. Biz, həmçinin özünümüdafiə tədbirləri də həyata keçiririk. Cəbhəyanı zonalardakı mülki əhaliyə başa salırıq ki, onlar müəyyən mənada özlərini aparma qaydalarını dəyişməlidir. Xüsusən də kişilər mülki şəxs ola-ola hərbi gödəkçələr geyinirlər. Onlar rahat və isti olmasına baxmayaraq, bunu geyinməklə özlərini və ətrafda olan şəxsləri təhlükə altına alırlar. Bizim bütün dediklərimizə rəğmən onlar buna diqqət etmirlər".

Digər layihə "müdafiə divarları" adlanır: "Bu layihə çərçivəsində yerli orqanlarla məsləhətləşərək ən təhlükəli ərazilərdə yerləşən evləri aydınlaşdırırıq. Sonra onların gündəlik həyatlarının təhlükəsizliyi üçün fəaliyyətə başlayırıq. Məsələn, pəncərə və qapıların yeri dəyişdirilir və ya o evin ətrafında təhlükəsizlik divarı tikilir. 2013-cü il ərzində biz 22 ailə üçün belə layihəni həyata keçirmişik".

D.Duran bildirib ki, cəbhəyanı zonalarda daha bir fəaliyyət Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilir. Bunlar ilkin yardım məsələləri ilə bağlıdır. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları tərəfindən cəbhəyanı ərazilərdəki insanların biliyinin artırılması üçün ilkin tibbi yardıma dair treninqlər keçirilir. İndiyədək 60 nəfərə ilkin tibbi yardım göstərilməsinin qaydaları öyrədilib.

Onun sözlərinə görə, cəbhəyanı zonalarda yaşayan əhalinin daha bir problemi iqtisadi imkanlar aşağı olması ilə bağlıdır.

D.Duran deyib ki, BQXK və ya Qızıl Aypara Cəmiyyəti müvəqqəti razılaşma əsasında işləyir. Bu razılaşma insanlara humanitar yardımı asanlaşdırır: "2013-cü ildə müdafiə divarları, su sisteminin çəkilməsi və bərpası, biçinin aparılmasına dəstək, o cümlədən bir dəfə neytral zonada mina hadisəsi zamanı həlak olmuş şəxsin meytinin çıxarılmasına yardım edilib. Digər kömək onların sosial-iqtisadi problemlərini həll etmək üçündür. Nağd pul verilməsi layihələri vasitəsilə 2200 nəfərə yaxın insanı əhatə edən 500 ailəyə 1000 AZN-dən artıq məbləğdə vəsait verilib. Ailələrin çoxu bunu mal-qaranın alınmasına sərf ediblər. İcma ilə işləyərkən bu yardım heç də bütün ailələrə verilmir. Maddi yardım icmanın ən çox ehtiyac duyan ailələrinə ünvanlanır. Hərtərəfli məsləhətləşmələrdən sonra yalnız müəyyən meyarlara cavab verən ailələr seçilir".

D.Duran bildirib ki, su sisteminin çəkilməsi və bərpası ilə bağlı layihələri həyata keçirərkən bəzən icma nümayəndələrinin özbaşına qoşulmaları və ya qeyri-peşəkar yanaşması onun dağılmasına gətirib çıxarır: "Ona görə də bunun qarşısını almaq üçün maarifləndirmə işləri həyata keçirdik. Bu sahədə 500-ə yaxın insan maarifləndirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti