Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı həmkarlarının partiyaya qarşı səsləndirdiyi ittihamları əsassız hesab edir.
F.Qəhrəmanlı Trend-ə bildirib ki, Müsavat Partiyasının və "El" hərəkatının üzvlərinin Milli Şuranı tərk getməsinə AXCP-nin aqressiv münasibət bəsləməsi barədə deyilənlər yalandır: "Mən bu fikirlə razı deyiləm. Əgər kimsə hakimiyyətin ssenarilərini həyata keçirirsə, Xalq Cəbhəsinin üzvləri bu məsələ ilə bağlı öz fikrlərini açıqlayıblar. Bundan kənarda hər hansı bir şəxsə və ya Milli Şura üzvünə Xalq Cəbhəsi tərəfindən mənfi münasibət ifadə olunmayıb".
Onun sözlərinə görə, AXCP-də heç kim "El" hərəkatının sədri Eldar Namazovun Milli Şuradan getməsinə aqressiv münasibət göstərməyib: "Araşdırın, görüm kim aqressiv münasibət göstərib. AXCP-yə qarşı səsləndirilən bu iddialar əsassızdır".
Qeyd edək ki, həm Müsavat Partiyası, həm də "El" hərəkatının üzvləri Milli Şuradan istefa verdikdən sonra AXCP-nin bu istefaları birmənalı qarşılamadığı və onları ittiham etdiyi bildirilir. "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev də öncə Trend-ə açıqlamasında hərəkatın sədri Eldar Namazovun Milli Şuradan istefasına AXCP tərəfindən aqressiv münasibətin yolverilməz olduğunu qeyd edib.