...

Prezident İlham Əliyev: Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə nümunəvi ölkə olmalıdır

Siyasət Materials 6 Fevral 2014 00:24 (UTC +04:00)
Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə nümunəvi ölkə olmalıdır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışında deyib.
Prezident İlham Əliyev: Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə nümunəvi ölkə olmalıdır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə nümunəvi ölkə olmalıdır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışında deyib.

Prezident İlham Əliyev konfransda yekun nitqində bildirib: "Bu gün burada səslənən hesabat məruzələrində bir neçə istiqamət üzrə görülmüş işlər haqqında yığcam məlumat verilmişdir. Əslində son 10 il ərzində görülən işlər haqqında geniş danışsaq, bəlkə də bizə bir neçə gün lazım olacaqdır. Hər bir sahə, hər bir istiqamət üzrə böyük işlər görülmüşdür".

Dövlət başçısı qeyd edib ki, son 10 il ərzində Azərbaycanın hər bir nazirlik, idarə üzrə inkişafı üçün çox böyük işlər görülmüşdür: "İkinci Dövlət Proqramı başa çatıb. Birinci və ikinci Dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü Dövlət proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir. Əlbəttə, növbəti illərdə ölkəmizin ümumi iqtisadi inkişafı təmin edilməlidir, makroiqtisadi vəziyyət sabit olaraq qalacaqdır. Keçən ilin nəticələri bunu deməyə əsas verir. Keçən il ölkə iqtisadiyyatına rekord həddə sərmayə qoyulmuşdur - 28 milyard dollar. Eyni zamanda, keçən il maaşlar, pensiyalar qaldırılmışdır. Sovet vaxtından qalmış əmanətlər qaytarılmışdır. Yəni, ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulmuşdur və dövriyyəyə böyük pul kütləsi buraxılmışdır. İnflyasiya cəmi 2,4 faiz artmışdır".

Prezident bildirib ki, bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlam iqtisadiyyatdır, makroiqtisadi sabitlik qorunur və əhalinin pul gəlirləri son 10 il ərzində inflyasiyanı daim üstələyirdi, bir neçə dəfə üstələyir. Ona görə növbəti illərdə sürətli inkişaf templərini saxlamaq və onları artırmaq üçün makroiqtisadi vəziyyət sabit olmalıdır, olacaqdır. Buna tam nəzarət edilir və beləliklə, uğurlu inkişafımız üçün gözəl əlavə imkanlar yaranacaqdır: "Maliyyə vəziyyətimizlə bağlı bu gün heç bir problemimiz yoxdur. Maliyyə vəziyyətimiz yaxşıdır, sabitdir. Maliyyə sistemimiz sağlamdır. Növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axını gözlənilir. Bu vəsait əlbəttə ki, şəffaf şəkildə saxlanılacaq, əsas xərclər üçün istifadə ediləcək, sosial məsələlərin həllində istifadə ediləcək, eyni zamanda, infrastruktur layihələrinin icrası, sahibkarlığa dəstək məsələləri də diqqət mərkəzində olacaqdır".

İlham Əliyev deyib ki, aparılan islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də qiymətləndirilir. Azərbaycanın kredit reytinqləri artır. Hətta böhranlı illərdə 3 əsas reytinq agentliyi Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. Bu da Azərbaycanda aparılan islahatların nəticəsidir: "Bir sözlə, növbəti 5 il ərzində bizim kifayət qədər iqtisadi, maliyyə və texniki resurslarımız olacaqdır ki, üçüncü proqramı uğurla icra edək. Əlbəttə ki, son 10 il ərzində biz böyük təcrübə toplamışıq. Son 10 il ərzində Azərbaycanda minlərlə yeni şirkət yaranmışdır və biz çalışırıq ki, yerli şirkətləri gücləndirək. O cümlədən güzəştli şərtlər hesabına onların dövlət layihələrində iştirakı təmin edilir. Bu gün tikinti sahəsində işlərin böyük əksəriyyəti yerli şirkətlər hesabına görülür. Bu, o şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdırır, iş yerlərinin açılmasına gətirib çıxarır, büdcəyə daha çox vergi ödənilir və təcrübə toplanılır. Yəni, növbəti proqramın icra edilməsi əminəm ki, uğurlu olacaqdır".

Azərbaycan Prezidenti vurğulayıb ki, növbəti 5 il ərzində infrastruktur layihələrinin icrası tam başa çatmalıdır: "Biz bu işlərə 10 il bundan əvvəl başlamışıq, görüləsi işlər həddindən artıq çox idi. Demək olar ki, bütün infrastruktur yenilənməli idi. Burada məruzələrdə bəzi rəqəmlər səsləndi. Məsələn, biz elektrik enerjisi ilə bağlı bütün elektrik stansiyalarımızı yeniləşdirdik, yenilərini tikdik və şərti yanacağın sərfiyyatı kəskin şəkildə aşağı düşmüşdür. Su xətləri, qaz boruları yenidən tikilir, yenidən qurulur. Əvvəlki illərdə tikilmiş xətlər, kommunikasiya xətləri artıq yararsız vəziyyətə düşmüşdür, sıradan çıxır, çürüyür. Yəni, biz bütün bu işləri yenidən, sıfırdan görürük ki, yeni yaradılan bu infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət etsin. Ona görə hələ ki, görüləsi işlər vardır. Əminəm ki, növbəti 5 il ərzində bütün infrastruktur layihələri tamamilə icra ediləcəkdir. Elektrik xətləri də yeniləşəcək, elektrik təsərrüfatı da müasirləşəcək, qazlaşdırma qeyd etdiyim kimi, ən azı 95 faizə çatmalıdır".

Dövlət başçısı qeyd edib ki, içməli su və kanalizasiya layihələri bütün şəhərlərdə başa çatmalıdır və əksər kəndləri də əhatə etməlidir: "Burada rəqəmlər səsləndi ki, 10 il bundan əvvəl 26 faiz əhali 24 saat ərzində fasiləsiz su alırdısa, hazırda bu rəqəm 55 faizə çatıbdır. Ancaq 55 faiz də bizim üçün öyünməli rəqəm deyildir. Düzdür, Bakı şəhərində bu, daha da yüksək səviyyədədir. Bakıda 10 il bundan əvvəl cəmi 29 faiz əhali 24 saat ərzində su alırdısa, hazırda bu rəqəm 78 faizə çatmışdır. Ancaq Bakı kimi şəhərdə 100 faiz olmalıdır, bütün başqa şəhərlərdə də, həmçinin kəndlərdə də. Ona görə görüləsi işlər hələ çoxdur, infrastruktur layihələrinə vəsait nəzərdə tutulur. O cümlədən bu ilin investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Elektrik xətlərinin, elektrik təsərrüfatının, yenilənməsi, qazlaşdırma, su-kanalizasiya xətlərinin, kənd yollarının, şəhərlərarası yolların tikintisi davam etdiriləcəkdir. Bir sözlə, iqtisadiyyatın bu seqmenti əminəm ki, növbəti 5 il ərzində daha da böyük təkan alacaqdır".

İlham Əliyev bildirib ki, beləliklə, qəbul ediləcək üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam şəkildə icra ediləcəkdir: "Su layihələrinə gəldikdə, "Azərsu" şirkətinin xətti ilə işlər görülür, eyni zamanda, artezian quyularının qazılması da böyük məna daşıyır. Keçən il 104 kənd artıq bu üsulla su ilə təmin edilibdir. Bu ilin əvvəlində imzaladığım Sərəncam əsasında vəsait ayrılmışdır ki, cari ildə əlavə 250 kənddə artezian quyuları qazılsın. Beləliklə, yüz minlərlə insan yeni su mənbələri ilə təmin ediləcəkdir. Çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılıbdır. Yüz minlərlə əhali artıq bu imkanlardan istifadə edir, bu il də investisiya proqramında bu, nəzərdə tutulub. Su, kanalizasiya problemlərini biz növbəti 5 il ərzində tam şəkildə icra etməliyik.

Meliorasiya layihələri icra edilir. Biz keçən il Taxtakörpü Su Anbarının açılışını qeyd etdik. Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının açılışını qeyd edəcəyik. Beləliklə, iki nəhəng meliorasiya layihəsi başa çatacaq və biz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin görülməsi haqqında düşünməliyik. Əslində, biz bunu indidən fikirləşməliyik, - çünki müxtəlif rəqəmlər səslənir və mənə verilən arayışlarda müxtəlif rəqəmlər göstərilir, - ilk növbədə, neçə min hektar torpaq suvarılacaqdır. Ancaq biz bunu dəqiqliklə bilməliyik. Ona görə bütün aidiyyəti qurumlar - İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti birgə işləsinlər və mənə dəqiq məlumat versinlər - Şəmkirçay və Taxtakörpü su anbarlarının və kanalların tikintisi nəticəsində neçə min, - bəlkə də yüz minlərlə ölçülməlidir, - hektar torpaq artıq əkin üçün yararlı olacaqdır və dövriyyəyə buraxılacaq bu yeni torpaqlarda hansı məhsulların yetişdirilməsi məqsədəuyğundur. Bunu biz dəqiq bilməliyik ki, öz işimizi daha böyük səmərə ilə quraq".

Prezident deyib ki, kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır: "Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir. Nazirlikdə struktur dəyişiklikləri aparılmalıdır. Buna böyük ehtiyac vardır. Bu yeni struktur müasir tələblərə cavab verməlidir. Sistem xarakterli islahatlara üstünlük verilməlidir. Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir. Dünyada bu sahədə böyük uğur qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək".

Dövlət başçısı qeyd edib ki, məhsuldarlıq artırılmalıdır və artırılacaqdır. Böyük imkanlar vardır: "Burada məruzədə səsləndi ki, taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq 55 sentnerə qalxmışdır. Ölkə üzrə bu rəqəm 27,5 sentnerdir, yəni, 2 dəfə çoxdur. Bu təcrübə hər yerdə tətbiq edilməlidir. Dövlət öz imkanlarını ortaya qoyur. Bütün infrastruktur, kommunikasiya, suvarma məsələlərini öz üzərinə götürür. Sahibkarlara kreditləri də dövlət verir. Təki sahibkarlar gedib bu torpaqdan səmərəli şəkildə istifadə etsinlər və məhsuldarlıq artsın. Əgər 2 dəfə də olmasa, ümumi məhsuldarlıq 60-70 faiz artarsa, o zaman bizim bütün daxili tələbatımız ödəniləcək və böyük ixrac potensialımız da yaranacaqdır".

Azərbaycan Prezidenti bildirib ki, kənd təsərrüfatının inkişafı üçün müasir texnikanın alınması davam etdiriləcəkdir. Buna da ehtiyac vardır. Bütün texnika yenilənməlidir. Ən qabaqcıl texnika gətirilməlidir. Müvafiq göstərişlər verilibdir və artıq proses başlanmışdır. Əvvəlki illərdə də texnika alınmışdır: "Əgər o texnika alınmasaydı, biz bu gün böyük problemlərlə üzləşə bilərdik. Ancaq hələ ki, buna ehtiyac vardır. Biz özümüzü müasir texnika ilə tam şəkildə təmin edə bilmirik. Növbəti 3-4 il ərzində, bəlkə də ondan da qısa bir müddətdə özümüzü ən müasir texnika - kombayn, traktor və digər texnika ilə tam şəkildə təmin edəcəyik.

Mən əvvəlki müşavirələrdə də qeyd etmişəm. Bu gün də qeyd etmək istəyirəm ki, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalıdır. Bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Mən bu barədə də dəfələrlə öz fikirlərimi bildirmişəm. Müəyyən işlər görülübdür. Ancaq daha da konkret və ciddi təkliflər verilməlidir ki, biz bu ixtisaslaşmanı formalaşdıraq və yetişdirilən hər bir məhsul üzrə xüsusi stimullaşdırma amilləri də olmalıdır. Yəni, burada belə kortəbii yanaşma qəbuledilməzdir. Hər bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı məhsulu üzrə xüsusi bir yanaşma tərzi olmalıdır. Əminəm ki, bax, dediyim bu struktur islahatları, kənd təsərrüfatının inkişafı üçün yeni metodların tətbiq edilməsi, müasir yanaşma, dediyim məsələlərin həllinə şərait yaradacaqdır".

İlham Əliyev bildirib ki, torpaqların elektron uçot sistemi yaradılmayıb, yaradılmalıdır. Əgər biz kənd təsərrüfatını müasir metodlarla inkişaf etdirmək istəyiriksə, mütləq Azərbaycanda hər bir sahədə ən qabaqcıl təcrübəni tətbiq etməliyik. O cümlədən kənd təsərrüfatının elmi əsaslarla inkişafına da nail olmalıyıq. Bu məqsədlə struktur dəyişiklikləri aparılacaqdır və elm son nəticəyə xidmət etməlidir. Ancaq bu təqdirdə o elmin faydası və xeyri vardır. Kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi indi bütün inkişaf etmiş ölkələrdə mövcuddur, bizdə də belə olmalıdır. Bu barədə artıq burada deyildi. Eyni zamanda, əvvəlki tezisə də qayıtmaq istəyirəm ki, biz dövriyyəyə buraxılacaq yeni əkin sahələrini də təmin etməliyik və edəcəyik:

"Burada məruzələrdə səsləndi ki, biz iri fermer təsərrüfatlarını yaradırıq, yaratmalıyıq. Ancaq, eyni zamanda, kiçik və ailə fermer təsərrüfatları da yaddan çıxmamalıdır. Bu sahədə də gözəl beynəlxalq təcrübə vardır. Sadəcə olaraq, biz bunu Azərbaycanda tətbiq etməliyik ki, ailə fermer təsərrüfatları yaradılsın, xüsusilə südçülükdə. Dövlət də öz dəstəyini verəcəkdir, o cümlədən maliyyə dəstəyini kreditlər şəklində verəcəkdir. Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq Sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü Sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər. Ümumi məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir".

Dövlət başçısı qeyd edib ki, fermerlərin əsas problemlərindən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Dövlət burada da əlbəttə ki, öz yardımını göstərməlidir, göstərəcəkdir: "Biz çalışmalıyıq ki, ilk növbədə, Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala xaricdən məhsullar idxal edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu xaricdən idxal etməliyik, niyə şərait yaratmalıyıq?! Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və Azərbaycan da bu yolla gedir. Bilirsiniz ki, biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Demək olar, bu məsələ Azərbaycan qarşısında mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmur? Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq. Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik. Mən bu gün də demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox. Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır. Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir. Bu məsələlərin həllinə bütün dövlət qurumları kömək göstərməlidir".

Azərbaycan Prezidenti deyib ki, kənd təsərrüfatına yararlı torpaqlardan bəzi bölgələrdə təyinatı üzrə istifadə edilmir. Bu məsələyə də diqqət yetirilməlidir. Ərzağın keyfiyyəti daim diqqət mərkəzində olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları təbiidir, keyfiyyətlidir. Biz burada kəmiyyət dalınca qaçmamalıyıq və bu təbii keyfiyyəti saxlamalıyıq:

"Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq. Mən bəzi rəqəmləri gətirmək istəyirəm. Ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94 faizdir, quş əti 92 faizdir. Bax, bu sahədə çox böyük irəliləyiş olubdur. Ona görə ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə quş fabriklərinin yaradılmasına böyük kreditlər verilmişdir. Özümüzü yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz, bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və giləmeyvə 126 faiz, yəni, böyük ixrac potensialımız da vardır. Tərəvəz 100 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, - bu, ən böyük ixrac potensialımızdır, - bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faiz. Bax, bu cədvəldən açıq-aydın görünür, biz növbəti illərdə hansı sahələrə üstünlük verməliyik ki, burada bütün rəqəmlər 100 faizdən aşağı olmasın və buna nail ola bilərik. Ona görə də burada süd və süd məhsullarının 75 faiz səviyyəsində istehsalı əlbəttə ki, bizi qane edə bilməz. Bu, 100 faiz olmalıdır. Dövlət qurumları və sahibkarlar bu istiqamətə daha da ciddi diqqət yetirməlidirlər. Azərbaycanda kərə yağı da, bitki yağları da az istehsal edilir. Artıq bu cədvəldən hər şey görünür. Bu cədvəl həm dövlət orqanları, həm də sahibkarlar üçün bir yol xəritəsi olmalıdır. Mən hər il bu rəqəmləri səsləndirirəm, bəzi məhsullar üzrə irəliləyiş vardır. Amma bəzi sahələr üzrə əvvəlki illə builki vəziyyət eynidir. Xüsusilə, kərə yağı, meyvə, giləmeyvə, bostan məhsulları, bax bu sahələrdə istehsal artmayıb.

Mən sahibkarlığın inkişafı ilə bağlı artıq giriş sözümdə fikirlərimi bildirdim. Dəstək davam etdiriləcəkdir. Bu dəstək hesabına böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə bir milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Misal üçün keçən il 275 milyon manat kredit verilmişdir. Bütün bu kreditlər vaxtında qaytarılır. Bu da sahibkarlığın inkişafına yeni dəstək olur. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir. Sahibkarlar da qeyd etməliyəm ki, bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni, bütün vəsaiti vaxtında qaytarırlar. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır".

İlham Əliyev bildirib ki, Azərbaycanda son illərdə bank sektoru da sürətlə inkişaf etmişdir: "Bizim banklarımız böyüdü, gücləndi. Hesab edirəm, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görmüşdür. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırmışdır. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar. Növbəti illərdə bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi davam etdiriləcəkdir. Hər bir şəhərə genişzolaqlı internet çəkilməlidir. Bu sahədə Azərbaycan qısa müddət ərzində böyük uğurlara imza atdı. Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur, sürətlə artır. Ona görə, hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı böyük məna daşıyır. Nəzərə alsaq ki, biz elektron hökumət sisteminə keçirik, "ASAN xidmət" artıq bölgələrə gəlibdir. Ona görə, bu sahə də daim diqqət mərkəzində olacaqdır".

Prezident vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir: "Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən "ASAN xidmət"in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində "ASAN xidmət"ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə "ASAN xidmət"in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar. Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar".

Dövlət başçısı qeyd edib ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir: "Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin. Biz güclü dövlət qurmuşuq. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Təsadüfi deyildir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən dünya birliyinin böyük əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir -155 ölkə, dünya birliyinin üçdə iki hissəsi. Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır.

Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi.

Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır".

İlham Əliyev bildirib ki, regionların sosial infrastrukturu növbəti beş il ərzində əlbəttə ki, yeniləşəcəkdir. Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikintisi davam etdiriləcək, məcburi köçkünlərin problemləri öz həllini tapacaqdır. Keçən il 28 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də yəqin ki, buna yaxın bir rəqəm olacaqdır. Yəni, bu məsələ daim diqqət mərkəzindədir:

"Bölgələrin turizm potensialı böyüyür, güclənir. Daxili turizm böyük dərəcədə artır və əminəm ki, xarici turizmdə də böyük artım olacaqdır. Artım var, amma hələ ki, istədiyimiz səviyyədə deyildir. Daha da böyük artım olacaqdır. Yeni turizm zonaları yaradılır. Sadəcə son beş il ərzində "Şahdağ" dağ -xizək kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl otel fəaliyyət göstərir, bir otel tikilir. "Tufandağ" xizək mərkəzi yaradılıbdır. Onun ətrafında ona yaxın otel, beynəlxalq aeroport tikilibdir. Biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Artıq iki gözəl otel fəaliyyət göstərir, üçüncüsü də tikilir. "Qalaaltı" müalicəvi mərkəzinin bərpası yekunlaşır. Bu da kurort turizminin inkişafı üçün çox vacib bir obyekt olacaqdır.

Cənub və qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialı kifayət qədər genişdir. Burada da böyük işlər görülür və görüləcəkdir. Əlbəttə ki, ekoloji tədbirlər ciddi şəkildə görülməlidir. Bu barədə mən dəfələrlə öz fikrilərimi bildirmişəm. Biz ətraf mühiti qorumalıyıq, Bakını və Abşeron yarımadasını əsrlər boyu yığılan tullantılardan təmizləməliyik. Biz "Qara şəhər"i "Ağ şəhər"ə çeviririk. Eyni zamanda, bütün bölgələrdə görülən işlər, yeni açılan müəssisələr ən yüksək ekoloji standartlara cavab verməlidir".

Azərbaycan Prezidenti bildirib ki, bu il sənaye ilidir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə gedir. Bölgələrdə - Gəncədə, Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir şəhərdə xüsusi sənaye yerləri, sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır. İş yerləri nə qədər yaradılsa da yenə də yaradılmalıdır. Çünki elə ölkələr var ki, orada əhali azalır, orada iş yerləri o qədər də ciddi problem deyildir:

"Ancaq bizdə keçən il əhali 170 mindən çox artmışdır. Bu artım çox müsbət haldır, iqtisadi inkişafımızın təzahürüdür. Ancaq bizim iqtisadi imkanlarımız, sənaye imkanlarımız buna uyğun olmalıdır. Ona görə, hər bir şəhərdə, yəqin ki, şəhərlərin kənarlarında xüsusi sənaye zonaları ayrılmalıdır. Orada dövlət hesabına infrastruktur, kommunikasiya xətləri çəkilməlidir, yeni müəssisələrin tikilməsi üçün imkanlar yaradılmalıdır ki, sahibkarlar gedib orada özləri üçün iş qursunlar. Bir sözlə, demək istəyirəm ki, son 10 il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti