...

Əfqanıstan döyüşlərində iştirak etmiş 200-ə yaxın Azərbaycan veteranı medalla təltif edilib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 19 Fevral 2014 14:42 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında təntənəli mərasim keçirilir.
Əfqanıstan döyüşlərində iştirak etmiş 200-ə yaxın Azərbaycan veteranı medalla təltif edilib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında təntənəli mərasim keçirilir.

Trend xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Prezident Adminstrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri və başqaları iştirak edirlər.

Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev təltif edilən 200-ə yaxın veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" yubiley medalını təqdim ediblər.

Medalla təltif olunanlar arasında general-leytenant İnayət Xəlilov, general-mayor Abbasəli Novruzov, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin xidmətdə, eləcə də istefada olan zabit və gizirləri, veteranlar, həmçinin incəsənət xadimləri var.

Tədbirdə qeyd edilib ki, 1979-cu il 25 dekabr tarixindən 1989-cu il 15 fevral tarixinə kimi Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 400-dən çox irimiqyaslı hərbi əməliyyat keçirib. On il müddətində SSRİ tərkibində olan keçmiş Sovet respublikalarının 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçisi hərbi əməliyyatlarda iştirak edib. Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 400-dən çox insan əlil olub.

Mərasimdə həmçinin bildirilib ki, Azərbaycanın Əfqanıstan veteranlarının 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərib ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşüb. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.

Əfqanıstan döyüşçülərindən Qarabağda torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunub. Hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər.

Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 10 min beynəlmiləlçi hərbçi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti