...

XİN rəhbəri: Türkiyə Azərbaycan vətəndaşlarının Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinədir

Siyasət Materials 19 Fevral 2014 14:47 (UTC +04:00)
Türkiyə Azərbaycan vətəndaşlarının Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinədir.
XİN rəhbəri: Türkiyə Azərbaycan vətəndaşlarının Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinədir

Azərbaycan, Gəncə, 19 fevral /Trend, müxbir E.Hüseynov/

Türkiyə Azərbaycan vətəndaşlarının Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinədir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, əgər Azərbaycan Suriyada hərbi münaqişədə iştirak edən ölkə vətəndaşları ilə bağlı kəşfiyyat məlumatları təqdim edərsə, Türkiyə onların bu ölkəyə girişinin qarşısını ala bilər.

Ə.Davudoğlu bildirib ki, Azərbaycan vətəndaşları Türkiyə ərazisi ilə sərbəst hərəkət edə bilərlər.

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.

Xatırladaq ki, bir neçə öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti