...

Maya Pancikidze: Gürcüstan Ukraynadakı hadisələri pisləyir

Siyasət Materials 19 Fevral 2014 16:46 (UTC +04:00)
Gürcüstan Ukraynada baş verən hadisələri pisləyir və həlak olanlarla bağlı Ukrayna xalqına başsağlığı verir.
Maya Pancikidze: Gürcüstan Ukraynadakı hadisələri pisləyir

Azərbaycan, Gəncə, 19 fevral /Trend, müxbir E.Hüseynov/

Gürcüstan Ukraynada baş verən hadisələri pisləyir və həlak olanlarla bağlı Ukrayna xalqına başsağlığı verir. Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze çərşənbə günü Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Tbilisi bu ölkədə baş verən hadisələri son dərəcə diqqətlə izləyir və demokratikləşmə və vətəndaşların təməl hüquqlarının təmin olunması üzrə atılan addımları dəstəkləyir: "Ukrayna rəhbərliyini ölkədə vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırırıq. Vəziyyətin həllinin yeganə yolu dinc dialoqdur".

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 351 nəfər yaralanıb, 25 nəfər isə həlak olub.

Ukraynada kütləvi etirazlar 2013-cü il noyabrın 21-də hökumətin Aİ ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı dayandırdığını elan etməsindən sonra başlayıb.

Cənubi Qafqazdakı münaqişələrə toxunan Gürcüstanın XİN rəhbəri qeyd edib ki, bu münaqişələr yalnız dinc yolla həll oluna bilər və buna alternativ yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti