Azərbaycan, Bakı, 18 mart /Trend/
Krımda referendum beynəlxalq hüquq normalarına tam uyğun keçirilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putun Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, bölgə rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qarşısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, referendumda 82 faizdən çox seçici səs verib: "Onların 96 faizi Krımın Rusiyaya ilhaq edilməsinin lehinə səs verib. Rəqəmlər olduqca inandırıcıdır".
V.Putin qeyd edib ki, belə seçimin niyə edildiyini başa düşmək üçün Krımın tarixini bilmək kifayətdir.
RF dövlət başçısı bildirib ki, Xruşovun Krımın Ukraynaya verilməsi haqqında qərarı konstitusiya normalarına zidd qəbul olunmuşdu.
Onun sözlərinə görə, qərar həmin dövrün konstitusiyasına zidd olaraq qəbul edilib: "Məsələ kuluarlarda, öz aralarında həll edilib".
V.Putin deyib ki, Krım SSRİ dağıldıqdan sonra digər dövlətin tərkibində oldu: "Bu zaman Rusiya hiss etdi ki, onu oğurlayıblar".
Prezidentin sözlərinə görə, Krım insanların qəlbində və düşüncəsində Rusiyanın ayrılmaz tərkib hissəsi olub.
Rusiya Prezidenti Krım tatarlarının reabilitasiya prosesini başa çatdıracaq bütün zəruri siyasi və qanunverici qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb: "Hazırda Krımın 2,2 milyon sakinindən 1,5 milyonu rus, 350 mini ukraynalı, təqribən 290-300 mini isə Krım tatarıdır. Buradakı ukraynalıların əksəriyyəti rus dilini öz ana dili hesab edir. Referendum göstərdi ki, Krım tatarlarının çoxu Rusiyaya meyillidir".
Onun sözlərinə görə, Krım tatarlarının ədalətsizliklə üzləşdiyi dövr olub: "Bu, digər xalqlara qarşı da edilib. Həmin vaxt müxtəlif millətlərdən olan milyonlarla insan, əlbəttə ki, ilk növbədə rusiyalılar repressiya qurbanı olub. Hesab edirəm ki, Krım tatarlarının reabilitasiya prosesini başa çatdıracaq bütün zəruri siyasi və qanunverici qərarlar qəbul edilməlidir".
Dövlət başçısı qeyd edib ki, Krım və Sevastopol sakinləri yerli əhalinin hüquq və azadlıqlarını təmin etmək xahişi ilə Rusiyaya müraciət etdilər: "Onlar Kiyev, Xarkov və Donetskdə baş verənlərin təkrarlanmamasını istəyirdilər. Biz onları dar gündə tək qoya bilməzdik, bu, xəyanət olardı".