Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Suriyaya humanitar yardım göndərməkdə davam edir.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Suriya müharibəsində zərərçəkənlərə yardım məqsədilə ötən gün 8 yük maşını həmin ölkəyə göndərilib. Yardım Hələb və İdlib sakinləri arasında bölüşdürüləcək.
Qeyd edək ki, Türkiyə 3 il ərzində ölkənin İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi və Humanitar Yardım Fondunun (IIH) xətti ilə Suriyaya 2 mindən artıq humanitar yük karvanı göndərib.
Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişədən əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.