...

Türkiyədə bələdiyyə seçkilərində qarşıdurmalar zamanı 8 nəfər ölüb, 30-dan çox yaralı var (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 30 Mart 2014 17:51 (UTC +04:00)
Türkiyənin Şanlıurfa vilayətində muxtarlığa namizədlər arasında dava düşüb.
Türkiyədə bələdiyyə seçkilərində qarşıdurmalar zamanı 8 nəfər ölüb, 30-dan çox yaralı var (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:35-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı ölkənin müxtəlif yerlərində baş vermiş qarşıdurmalar nəticəsində 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, Hatay vilayətinin Kırıkhan rayonunda namizədlər arasında yaranan qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. Hadisə zamanı biri ağır olmaqla 9 nəfər yaralanıb.

Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb, 3 nəfər daş və dəyənək zərbələrindən xəsarət alıb.

Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb.

Rize vilayətinin Küçükçayır kəndində iki nəfər arasında yaranan mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Bunu görən polis əməkdaşları tərəfləri ayırmağa çalışıb, insident zamanı bir polis serjantı ayağından güllə yarası alıb.

Qaziantep vilayətinin Nizip rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki mübahisə zamanı yaralanıblar.

Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Şanlıurfa vilayətində Karaköprü rayonunda muxtarlığa namizədlər arasında dava düşüb.

Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb.

Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.

Şanlıurfa vilayətinin Birecik rayonunda isə iki ailə arasında silahlı və dəyənəkli qarşıdurma zamanı 6 nəfər yaralanıb. Hadisə səhər saatlarında rayonun Çiftlik kəndində baş verib. Muxtarlığa namizəd iki nəfər mübahisə ediblər. Namizədlərin ailə üzvləri mübahisəyə qoşulan vaxt tapançadan açılan atəşdən 4 nəfər yaralanıb. İki nəfər isə dəyənək zərbələrindən xəsarət alıb.

Şanlıurfada baş verən qarşıdurmalar zamanı ümumilikdə 6 nəfərin həlak olduğu bildirilir.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti