...

“Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 5 May 2014 22:41 (UTC +04:00)
Mayın 5-də Bakı Dövlət Universitetində (BDU) Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda konfrans keçirilmişdir.
“Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Mayın 5-də Bakı Dövlət Universitetində (BDU) Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda konfrans keçirilmişdir.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, tanınmış ziyalıların, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər, müasir müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmışdır.

Akademik A.Məhərrəmov dahi rəhbər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə respublikamızda və dünyanın ayrı-ayrı ölkələrində geniş tədbirlər keçirildiyini xatırlatmışdır.

Bakı Dövlət Universitetində də ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini qeyd edən rektor, bu mərasimlərin əhəmiyyətini vurğulamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran A.Məhərrəmov respublikamızın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən bəhs edən rektor, eyni zamanda, BDU-da qazanılan nailiyyətləri xatırlatmışdır.

Akademik A.Məhərrəmov demişdir: Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Biz xoşbəxtik ki, Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov "Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda geniş məruzə ilə çıxış edərək demişdir: "Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq onu Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu qərb tədqiqatçılarının fikri ilə ifadə etsək: "Bu, Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən" lider dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar ölkəyə regional və beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandırmaqla yanaşı, həm də onun qarşısında həm ölkə daxilində, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, həm də bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət tələbləri qoydu.

Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün müasir geosiyasi dəyər ölçülərini artıran, milli inkişafını dönməz edən, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər daha çox ölkənin təbii-mineral ehtiyatları, Qərb ilə Şərq arasındakı mövcud siyasi, hərbi, ticarət və s. əlaqələrdə tutduğu mövqe, malik olduğu nəqliyyat-kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır.

Dövlətimizin qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələri, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursu şərh edən Əli Həsənov demişdir ki, Azərbaycan özünün "Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək" kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktorları bütün ölçülər üzrə regionun "lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər. Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki əksər geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda, həm də regional proseslərə təsir gücü gündən-günə yüksəlir. Beynəlxalq aləm Xəzər hövzəsi və Cənubi Qafqazın regional problemlərinin, bu məkanda reallaşdırılan əksər transmilli layihələrin və s. həllində, ilk növbədə Azərbaycanın mövqeyini əsas götürür və onunla hesablaşmaq məcburiyyəti ilə üzləşirlər.

Azərbaycanın qazandığı "regional lider dövlət" statusunu daha da möhkəmləndirməsi üçün qarşıdan gələn illərdə bir çox vacib və məsuliyyətli geosiyasi, geostrateji və geoiqtisadi vəzifələrin reallaşdırılmasının tələb olunduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, bu işin əsas hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-siyasi institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqəsi çıxış etsə də, müvəffəqiyyətli həlli daha çox ölkə rəhbərliyindən, hakimiyyət strukturlarından və həyata keçirilən rəsmi dövlət siyasətindən asılı olacaqdır.

Əli Həsənov demişdir ki, Azərbaycanın regionda və dünyadakı geosiyasi mövqeyini möhkəmləndirən əsas amil Xəzərin zəngin karbohidrogen ehtiyatlarının istehsalı və alternativ yollarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdiyi müstəqil və Qərbyönümlü enerji siyasəti olmuşdur. Ölkənin həyata keçirdiyi yeni neft strategiyası onu qısa müddətdə Avrasiyanın alternativ enerji və tranzit qovşağına və təminatçısına çevirmişdir. Hazırda Azərbaycan Avrasiyanın "elə bir geosiyasi məkanına çevrilmişdir ki, orada "ABŞ, Avropa İttifaqı, Rusiya və başqa dünya güclərinin geoiqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri bir-birinə ən yüksək dərəcədə yaxındır. Avropanın enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərinin artması üçün geniş perspektivlər yaradır.

Ölkənin dünya dövlətləri ilə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsi, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazarlarının axtarılması və mənimsənilməsi 2010-2020-ci illərdə Azərbaycanın əsas geosiyasi vəzifələri sırasına daxildir. Xarici aləmlə Azərbaycanı birləşdirən transmilli tranzit-nəqliyyat infrastrukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış gücünün artırılması xüsusi əhəmiyyət kəsb edir.

Keçən illərdə 34 beynəlxalq transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycan vasitəsilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya dəhlizi və ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələrində iştirak etmişdir.

Azərbaycanın əsas strateji mənafeləri və geosiyasi maraqları, ilk növbədə, dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını və təhlükəsizliyinin təmin olunmasını tələb edir deyən Əli Həsənov bildirmişdir ki, ölkə daxilində dayanıqlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafı, sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılması, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılması və s. vəzifələrin reallaşması üçün ardıcıl tədbirlər görülür. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.

Müstəqillik bərpa edildikdən sonra Azərbaycan diplomatiyasının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır. Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur.

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və digər alimlər də konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışmış, onun ideyalarının əbədiyaşar olduğunu vurğulamışlar.Sonra BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri mükafatlandırılmışlar.

Xəbər lenti

Xəbər lenti