...

Mən Heydər Əliyev haqqında niyə yazmaq istəmirdim?

Siyasət Materials 8 May 2014 12:52 (UTC +04:00)
Dostlarım, tanışlarım bəzən məndən xahiş, arada hətta tələb edirdilər ki, qələminin bir ucunu Heydər Əliyevə yönəlt. Sonra kişi gör sənin üçün neyləyəcək. Bütün şərait yaradacaq. Çörəyə kürü deyəcəksən.
Mən Heydər Əliyev haqqında niyə yazmaq istəmirdim?

Yunus Oğuz - yazıçı-publisist

Dostlarım, tanışlarım bəzən məndən xahiş, arada hətta tələb edirdilər ki, qələminin bir ucunu Heydər Əliyevə yönəlt. Sonra kişi gör sənin üçün neyləyəcək. Bütün şərait yaradacaq. Çörəyə kürü deyəcəksən. Amma etmədim. Təkcə 1991-ci ildə - "Ordu" qəzetinin baş redaktoru olanda bir yazı yazdım: "Deyirlər ki, siz yenidən hakimiyyətdə olsanız, diktator olacaqsınız. Gəlin hakimiyyətə, əməlinizi, demokratliyinizi sübut edin". Zatən gəldi də! Sübut etdi də.

SSRİ deyilən nəhəng bir imperiyanın bir nömrəli namizədi haqqında (müsəlman olduğu üçün imkan vermədilər) dünyaya səs yayan yazılar verə bilərdim. Yazmadım. İnsanlar onun haqqında cild-cild kitablar yazanda mən susdum. Vətənini, dövlətini, ailəsini sevən bir İNSAN haqqında bircə cümlə də yazmadım. Düzdür, fəaliyyətini, çıxışlarını rəhbərlik etdiyim qəzetdə, informasiya agentliyində verirdim. Bu dövlətin marağında idi. Bu dövlət kimsənin deyil ki? Bu dövlət xalqındır, onun da başında Heydər Əliyev dururdu. Özü də kişi kimi. Bir dostum bir dəfə mənə dedi ki, 1994-cü ildə müdafiə naziri Məmmədrəfiyev Zuğulba çimərliyində Heydər Əliyevə Moskvanın mesajlarını çatdırıb. Deyib ki, rus qoşunlarını Azərbaycanda yerləşdirək. Qarabağ problemi sabah həll olunacaq. Heydər Əliyev uşaqdımı? Sabahısı onu vəzifədən atdı. Bilmirsiz dünyanın siyasəti nə deməkdir? Müsəlman olmasaydı, SSRİ deyilən həmin o imperiyanın rəhbəri olacaqdı. Türk kimliyi ona imkan vermədi ki, keçmişdə qalan imperiyanın rəhbəri olsun. Amma cani-dildən deyirəm ki, o rəhbər olsaydı, SSRİ-ni qoruyub saxlayardı. O xarizmatik idi, insanları idarə edirdi, sözün-yazarın qədrini bilirdi. Zəmanəmizin iki nəfəri haqqında heç zaman yazmaq istəmirəm. Heydər Əliyev və Elçibəy haqqında.

Qələmim buna imkan vermir, intellektim buna imkan vermir. Bunlar elə dahi insanlardır ki, qələm onların qarşısında acizdir.

Biri Azərbaycandan ilk dəfə rus qoşunlarını çıxarıb. O birisi isə (Heydər Əliyevi nəzərdə tuturam) Azərbaycanı altı yerə bölünməkdən (balaca Azərbaycanı? Bu Rusiyanın planı idi) xilas edib. Bu insanlara necə səcdə etməyək? Bir zamanlar dostlarımızdan biri xahiş etdi ki, Heydər Əliyev haqqında nəsə bir şey yaz. Gülə-gülə dedim ki, qardaş, səhərdən-axşama qədər yazırsız da. Rəsmi məlumatları götürüb kitab şəklinə salırsız. Bəs deyilmi?
Heydər Əliyev elə bir dahidir ki, xəbərlərə sığmaz, psixoloji portretə sığmaz, kitablara sığmaz. Ən gözəlini türkiyəli qardaşım Hüseyn Adıgözəl yazdı. Mən nə yazım?

Açığı, arzu edirdim, niyyət edirdim ki, Heydər Əliyev daha on il, on beş il hakimiyyət başında olsun. Onu qəzet olaraq tənqid edək, üstünə yeriyək. Qismət olmadı. Dünyasını dəyişdi.

Çox heyf!

Onun haqqında yazmağım, bəlkə də, gecdir. Atalar misalı var: "Daldan atılan daş topuğa dəyər". Amma bu atalar misalı yerinə düşmür axı... Azərbaycan dövlətində Heydər Əliyev olub axı! Zaman-zaman demişəm, indi də təkrar edirəm, bilin və yadda saxlayın! Otto Bismark Almaniya, Şarl de Qoll Fransa, Atatürk Türkiyə üçün nə edibsə Heydər Əliyev də Azərbaycan üçün onu edib. O insanlar heç nədən Almaniya, Fransa, Türkiyə dövlətlərini qurdular. Hər üç dövlət indi bərk gedir. Azərbaycan da bərk getməyə hazırlaşır. Bundan artıq nə istəyirsiniz? Heydər Əliyevdən bundan artıq nə gözləmək lazım idi?

Dahilər haqqında yazmaq çox çətindir. Ona görə yazmıram.

Amma mayın 10-u onun doğum günüdür axı!

Doğumun mübarək! Azərbaycanı, yarım Azərbaycanı xilas etdin, Heydər Əliyev!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti