Azərbaycan, Bakı, 8 may /Trend, müxbir S.Əhmədova/
Honduras üçün Dağlıq Qarabağın işğalı qəbuledilməzdir. Trend-in məlumatına görə, bunu Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korrales bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.
Honduraslı nazir bildirib: "Beynəlxalq cəmiyyət bu humanitar işğala, işğal olunmuş ərazilərdən köçürülmüş insanların vəziyyətinə reaksiya verməlidir. Beynəlxalq hüquq baxımından bu, ədalətsizdir".
Onun sözlərinə görə, bundan öncə də iki ölkə arasında beynəlxalq təşkilatlarda müxtəlif səviyyələrdə əməkdaşlıq olub: "Hazırda ikitərəfli faydalı əməkdaşlığımızı inkişaf etdiririk. Hesab edirik ki, münasibətlər çox vacib əhəmiyyətli müstəviyə keçə bilər. Biz Azərbaycanın Latın Amerikasındakı mövqeyini yüksək qiymətləndiririk. Biz münasibətlərin necə vacib və faydalı olduğunu da görürük. Münasibətlər müsbət səviyyədədir. İki ölkə arasında maliyyə, neft-qaz, infrastuktur, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlıq müzakirə olunub. Ölkələrimiz arasında məhsuldar əməkdaşlıq mümkündür".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Honduras Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında protokol imzalanıb.
Xanım nazir artıq Azərbaycan rəhbərliyi, maliyə və iqtisadiyyat və sənaye nazirləri ilə görüşüb.
Mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, honduraslı həmkarı səfər çərçivəsində bir sıra görüşlər keçirib. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirib və qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır.