Azərbaycan, Bakı, 15 may /Trend/
Manisa vilayətində mədənçilərin xilas edilməsi işləri fasiləsiz davam etdirilir. Trend "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.
Prezidentin sözlərinə görə, Türkiyə matəm içindədir və hər kəs bir-birinə dəstək verməlidir.
A.Gül, həmçinin bildirib ki, dövlət kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə lazımi köməyi göstərəcək.
Prezident mədənçilərin xilas edilməsi işinə kömək təklif edən ölkələrə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün Prezident Abdullah Gül və hökumət üzvləri kömür mədənində partlayış baş vermiş Manisa vilayətinə gələrək mədəndəki vəziyyətlə maraqlanıblar.
Mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb.
Mədənçilərin axtarışları davam etdirilir. Hazırda dağıntılar altında 90-dan çox şaxtaçının qaldığı bildirilir.