Azərbaycan, Bakı, 27 may /Trend/
28 May-Respublika günü münasibətilə may ayının 27-də Tallin şəhərinin qədim hissəsində yerləşən 1407-ci ildə inşa edilmiş "Qarabaşlılar Binası"nın ağ zalında Səfirlik tərəfindən Azərbaycan Respublikasının 96 illik yubileyinə həsr olunmuş rəsmi qəbul keçirilmişdir.
Qəbulda Nazirlər, Estoniya Hökumətinin digər nümayəndələri, Parlament üzvləri, akkreditə olunmuş diplomatik korpus nümayəndələri, aparıcı media qurumlarının rəhbər və nümayəndələri, tanınmış ictimai xadimlər, iş adamları və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Həmçinin, fəxri qonaq qismində Estoniyanın sabiq Prezidenti Arnold Rüütel iştirak etmişdir.
Azərbaycan və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra, Azərbaycanın Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri T. Zülfüqarov rəsmi qəbulu açaraq, Avropa ilə Azərbaycan arasında mövcud olan ənənəvi əlaqələrin inkişaf etdiyini bildirmişdir.
Regionda həyata keçirilən mühüm layihələri vurğulayan Səfir Avropanın sabit və davamlı enerji daşıyıcılarının təmin olunmasında Azərbaycanın rolunu xüsusi qeyd etmişdir.
Qəbul zamanı Səfir T. Zülfüqarov çıxışında Azərbaycanın sürətli inkişafı və regionun siyasi və iqtisadi lideri olduğunu vurğulanmışdır.
Bu baxımdan, Bakı-Tbilisi-Ceyxan neft kəməri vasitəsilə Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya neftinin Aralıq dənizi limanlarına idxalını təmin edən nəhəng neft terminalının inşasının Azərbaycanın region ölkələri ilə əməkdaşlığının bariz nümunəsini əks etdirməsi diqqətə çatdırılmışdır.
Bununla yanaşı, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası layihəsinin Xəzər regionundan Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edəcəyi bildirilmişdir.
Həmçinin, Avropanın dəmir yolu sistemləri ilə birbaşa birləşdiricək regionun üç ölkəsi Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ilin sonunadək inşasının yekunlaşdırılmasının planlaşdırıldığı diqqətə çatdırmışdır.
Səfir çıxışında, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüz və onun nəticəsində torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyi və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, Estoniya-Azərbaycan əlaqələrinin inkişafı və gələcək perspektivləri ətraflı məlumat vermişdir.
Səfirin çıxışından sonra Azərbaycanın bugünkü inkişafına, adət-ənənələrinə həsr olunan Estoniyada yaşayan Azərbaycan diasporasının cavan fəalları tərəfindən xüsusi olaraq hazırlanan video görüntülər nümayiş etdirilmiş, Estoniyada fəaliyyət göstərən "Qraatsia" rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri maraqlı qarşılanmış və Azərbaycan milli musiqisinin müşayiəti ilə mətbəximizin nümunələri qonaqlara təqdim edilmişdir.
Qəbulda, həmçinin, qonaqlara "Bakı" və "IRS-Heritage" jurnalları paylanılmışdır.