...

Mübariz Qurbanlı: Azərbaycanın Ermənistanın NATO PA-dan çıxarılması təklifi ciddi arqumentlərə əsaslanır

Siyasət Materials 18 İyun 2014 15:41 (UTC +04:00)
Azərbaycan Ermənistanın NATO Parlament Assambleyasından çıxarılması ilə bağlı təkliflə çıxış etməkdə tamamilə haqlıdır. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində deyib.
Mübariz Qurbanlı: Azərbaycanın Ermənistanın NATO PA-dan çıxarılması təklifi ciddi arqumentlərə əsaslanır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Ermənistanın NATO Parlament Assambleyasından çıxarılması ilə bağlı təkliflə çıxış etməkdə tamamilə haqlıdır. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində deyib.

O, qeyd edib ki, ölkəmizin bu mövqeyi ciddi arqumentlərə əsaslanır: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində də bir milyondan çox insan qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi birləşmələri işğal etdiyi ərazilərimizdə maddi-mədəni və tarixi abidələri, bütövlükdə bütün infrastrukturu məhv edib. Təbii ki, bütün bunlar beynəlxalq hüququn, qayda-qanunların kobud surətdə pozulmasıdır. Eyni zamanda, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir".

M.Qurbanlı vurğulayıb ki, NATO PA, eləcə də AŞ PA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb: "Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır? Ona görə də Azərbaycan tərəfinin irəli sürdüyü təklif tamamilə ədalətlidir. Hesab edirəm ki, NATO PA kimi nüfuzlu beynəlxalq təşkilat bu məsələdə obyektiv qərar qəbul etməlidir. Doğrudur, bu gün beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin sülh yolu ilə həllinə, tərəflər arasında etimad mühtinin yaradılmasına və s. ümumi formada çağırışlar edir. Təbii ki, Azərbaycan sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini istəyir. Amma qeyri-konstruktiv mövqeni işğalçı Ermənistan nümayiş etdirir. Bu səbəbdən də işğalçını beynəlxalq ictimaiyyət cəzalandırmalıdır ki, sülhə gəlməyə məcbur olsun".

YAP icra katibinin müavini qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur".

M.Qurbanlı deyib ki, Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır: "Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti