...

Politoloq: Ermənistan İrana yalvarır

Siyasət Materials 20 İyun 2014 13:47 (UTC +04:00)
İranın Naxçıvanla dəmir yolunu açmaq təklifilə ermənilərin Naxçıvanla sərhəddəki aktivliyi təsadüfi olmaya bilər.
Politoloq: Ermənistan İrana yalvarır

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

İranın Naxçıvanla dəmiryolunu açmaq təklifi ilə ermənilərin Naxçıvanla sərhəddəki aktivliyi təsadüfi olmaya bilər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, İran Mehri dəmiryolunun fəaliyyətə başlamasında israrlıdır. Burada İranın bir neçə istiqamətdə maraqları var: "Əvvəla, Mehri dəmiryolunun açılması bu ərazidə təhlükəsizliyin təmini üçün mühüm dəlildir. İkincisi, Araz Azad İqtisadi Zonasının fəaliyyəti Mehri dəmiryolunun işə düşməsindən birbaşa asılıdır. Üçüncüsü, İran hətta Muğan regionlarını da bu dəmiryoluna qoşmaqla həm Azərbaycan, həm də özünün digər regionları ilə dəmiryolu kommunikasiyası yaratmaq istəyir. Dördüncüsü, İran siyasi ambisiya nümayiş etdirir. Özlərini rusların strateji müttəfiqi adlandıran ermənilər Rusiya kommunikasiyasının Cənubi Qafqazda zəifləməsi üçün əlindən gələn hər şeyi etdilər. Rusiyanın Cənubi Qafqazda etibarlı, davamlı işlək qabiliyyətinə malik kommunikasiyası yoxdur. Sovet dövründə Abxaziya dəmiryolu işlədiyi, gürcü limanlarının fəaliyyətdə olduğu halda Ermənistana yüklərin 85%-i Mehri dəmiryolu vasitəsilə daşınırdı. Eləcə də Mehri dəmiryolu Moskvanı Tehranla əlaqələndirirdi. Mehri dəmiryolu SSRİ-nin Türkiyə sərhədinə alternativ kommunikasiyası idi. Rusiyanı bütün bunlardan siyasi müttəfiqi Ermənistan məhrum etdi. İndi İran regionda kimin kim olduğunu nümayiş etdirmək istəyir".

Mərkəzin direktorunun fikrincə, Mehri dəmiryolunun fəaliyyətə başlamasında İranın beşinci marağı daha təsirlidir: "İran Türkiyə ilə münasibətlərini istiləşdirir, bu istiləşmədə dəmiryolu əlaqəsinə də xüsusi rol ayrılıb. Yaxın onilliklərdə İranla Türkiyə arasındakı bu funksiyanı Mehri dəmiryolu yerinə yetirəcək".

Politoloq qeyd edib ki, İranın Mehri dəmiryolunu işə salması ideyası Ermənistanın daxilində tədricən dəstək qazanır: "Bu ideyanı "Naxçıvan" təşəbbüs mərkəzi dəstəkləyir. "Naxçıvan" təşəbbüs mərkəzinin fikrincə, Mehri dəmiryolu barədə İranın planının reallaşması Ermənistanın Rusiyanın müstəmləkəçiliyindən xilas olması deməkdir. Bir müddətdən sonra Ermənistan İran vasitəsilə qüdrətlənib müstəqil geosiyasət aparmağa hazır olacaq. Əlbəttə "Naxçıvan" təşəbbüs mərkəzinin üzvlərinin Naxçıvanı guya qaytarmaqla bağlı fikirləri İranpərəstliklərini əsaslandırmaq üçündür və utopik düşüncədən başqa bir şey deyil".

M.Əhmədoğlu hesab edir ki, İranın Mehri dəmiryolu ilə bağlı ideyasının gerçəkləşməsinin Ermənistanda əlavə daha iki zəmini var: "Birincisi, İran-Ermənistan dəmiryolu layihəsi müzakirə olunarkən Ermənistan hökuməti Mehri dəmiryolunun açılmasının mümkünlüyünü inkar etməmişdi və ola bilər, bu barədə mətbuata məlumat bilərəkdən sızdırılmışdı. İkinci zəmin Ermənistanın indi İrana yalvaran vəziyyətə düşməsindədir. Vaxtilə İran Ermənistana hər şeyi vəd vermişdi. Ermənistan İranın əlilə Azərbaycanı məhv etmək istəyirdi. Ermənistan İranın 7,7 milyardlıq investisiya proqramını bir az da artırmaq istəyirdi. Ermənistan Qərbin antiiran sanksiyalarına riayət etməklə İranı qeyri-sivil vəziyyətdə işləməyə məcbur edirdi. İran bezdi, Ermənistandan əl götürdü. Baş nazir O.Abramyan başda olmaqla bütün nazirlər İrana yalvarırlar. İndi İran Ermənistanda real nüfuza malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti