Azərbaycan, Bakı, 23 iyun /Trend/
Azərbaycan təhsilli və məsuliyyətli gəncliyin tərbiyə olunması ehtiyacına xüsusi əhəmiyyət verərək diqqətini gənclər və təhsil üzərində cəmləşdirəcək. Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın iclasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin milli səviyyədə yeritdiyi siyasət gənclər yönümlü olaraq onların təhsilinə xüsusi diqqət ayırır: "ÜDM-də təhsil üçün dövlət xərclərinin payı dayanmadan artır və bu, təhsilin keyfiyyətinə və Avropa təhsil sisteminə sıx inteqrasiyasına təsir edir. Eyni zamanda, təhsili dövlət tərəfindən maliyyələşdirilən azərbaycanlı tələbələrin aparıcı xarici, xüsusilə Avropa universitetlərində sayı 2015-cü ildə 5000-ə çatacaq".
Nazir qeyd edib ki, Azərbaycanın sədrliyi ilə Bakı şəhərində ev sahibliyi etdiyimiz birinci tədbir təhsilə aid olan Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Avropa Şurası Təhsil Xartiyası üzrə üçün əlaqələndiricilər görüşü olub. Görüş vətəndaşlıq və insan hüquqları sahəsində təhsil vasitəsilə həssas vəziyyətlərdə olan uşaqların həyatında dəyişikliklərin edilməsinin əhəmiyyətinə həsr olunub.
E.Məmmədyarob bildirib ki, yaxşı təhsilli gənclərin təşviqi digər sədrlik tədbirində - keçən həftə Bakı şəhərində Avropa Yerli və Regional Qurumlar Konqresi ilə birlikdə təşkil olunan "Yerli demokratiya və gənclik" üzrə beynəlxalq konfransda geniş müzakirə edilib. Müzakirələr zamanı gənclərin təhsili, onların qərar qəbuletmədə və həmin qərarların idarəetmənin bütün səviyyələrində həyata keçirilməsində aktiv iştirakına xüsusi diqqət ayrılıb. Bu toplantı üzv dövlətlərin bu sahədə böyük əhəmiyyət kəsb edən qabaqcıl təcrübə mübadiləsinə imkan yaradıb: "Gələn oktyabr ayında biz iki əhəmiyyətli tədbirə - Avropa Ali Təhsil Zonasının həyata keçirilməsi üzrə 4-cü regional nazirlər görüşü və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcəyik".