Azərbaycan, Bakı, 4 avqust/Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində məğlub olacağı təqdirdə siyasətdən getməyə hazırdır. Trend-in bazar ertəsi "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər deyib.
Onun sözlərinə görə, R.T.Ərdoğanın ölkədə apardığı islahatlar Türkiyə xalqının prezident seçkilərində onun namizədliyini dəstəkləyəcəyinin bariz nümunəsidir.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.
Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.
İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü.