Azərbaycan, Bakı, 7 avqust /Trend/
Emil Hüseynli, Trend-in Azərbaycan xəbərlər xidmətinin rəhbəri
İstər dünyada, istər regionda, istər ölkə daxilində hadisələr sözdən başlayır. Sözlər deyilir, bəyanatlar verilir və ardınca müəyyən proseslər gedir. Söz deyilir, ünvanına çatması üçün, söz deyilir, kimlərinsə dərs götürməsi üçün.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində söylədiyi sözlərin də ünvanları bəllidir.
Azərbaycanın Ali Baş Komandanının cəbhə bölgəsinə səfəri və orada verdiyi bəyanat, söylədiyi fikirlər sabaha ümidlərimizi artırdı, qisas günümüzün heç də uzaq olmadığını bir daha sübut etdi. Bu sözlərdən kimlərsə dərs götürdü, bu sözlər kimlər üçün isə bir mesaj oldu. Bu sözün ən böyük ünvanı Azərbaycan xalqı oldu.
Ali Baş Komandanın belə gərgin bir vaxtda düşmənlə üzbəüz döyüş mövqelərinə baş çəkməsi, döyüş tapşırığını yerinə yetirərkən fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etməsi Orduda və cəmiyyətdə olan ruh yüksəkliyini, Vətən sevgisini artırdı. Ali Baş Komandan bir daha nümayiş etdirdi ki, o, hər an, ən gərgin vəziyyətlərdə belə xalqının, millətinin yanındadır, Ordunun yanındadır. Bu, bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti arasında böyük inam və etimad mövcuddur.
Ali Baş Komandanın bu səfəri, eyni zamanda, həm düşmənlərə, həm də onun havadarlarına ciddi mesajlarla yadda qaldı. Cəbhə xəttində səsləndirdiyi fikirlərlə İlham Əliyev bir daha Azərbaycanın Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyini, işğal edilmiş torpaqlarımızın güc yolu ilə də olsa, qaytarılacağını açıq şəkildə bəyan etdi. Bu sözün ünvanı düşmən Ermənistan hakimiyyətinin başında oturanlar oldu, faşist sarkisyanlar, balayanlar, köçəryanlar oldu.
Ali Baş Komandan çox əminliklə bildirdi ki, əgər Ermənistanın faşist rəhbərliyi öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər. Əslində, Prezidentin mövcud situasiyaya uyğun sərt bəyanat verməsi ATƏT-in Minsk qrupunun həmsədrlərini, beynəlxalq təşkilatları çox ciddi düşündürməlidir. Artıq silahlar işə salınıb, bəzi ağır texnikalar cəbhə bölgəsindədir, minlərlə insan könüllü olaraq cəbhə bölgəsinə getmək istəyir. Bir sözlə, müharibəyə başlamaq üçün lazim olan hər şey var.
Mövcud vəziyyət, erməni təxribatı, bunun qarşılığında Azərbaycan Ordusunun tutarlı cavabı, Prezident İlham Əliyevin sərt bəyanatı Serj Sarkisyanın olmayan boyunu bir az da kiçiltdi, faşist hakimiyyətə dəstək verənlərin boynunu qızartdı. Bəlkə də ona görədir ki, Serj Sarkisyan bu dönəmdə xalq qarşısına çıxmadı, ölkəni tərk etdi, erməni əsgərlərinin qanını Avropada qırmızı şərab içməklə əvəzlədi. Dəstəyi Ermənistan xalqından yox, erməni lobbilərindən axtarmağa başladı. Serj Sarkisyan yaxşı anlayır ki, Azərbaycan müharibə edəcəyi halda, onun qarşısında durmaq mümkün olmayacaq, yaxşı anlayır ki, Azərbaycanın dünyada dostları artır, Azərbaycana verilən vədlər artır. Yaxşı anlayır ki, Ermənistan getdikcə Azərbaycanın yanında çox xırda görünür. Azərbaycan artıq Emənistanı tapdalamaq gücünə malikdir.
Yekun olaraq onu qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi hücum taktikası, qətiyyətliliyi Azərbaycanın qələbəsini günü-gündən yaxınlaşdırır. Dövlətimizin qüdrətlənməsi və ölkəmizin daha da inkişaf etməsi üçün aydın istiqamətlər müəyyən edir.