...

Azərbaycanın Türkiyədəki səfiri İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub (FOTO)

Siyasət Materials 23 Avqust 2014 21:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Azərbaycanın Türkiyədəki səfiri İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Türkiyə-Azərbaycan Biznes Şurasının birgə təşkilatçılığı ilə cari ilin 20-22 avqust tarixləri arasında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Faiq Bağırov Türkiyənin İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfərin birinci günündə səfir Faiq Bağırov İzmirin Əliağa rayonunda AR Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyini ziyarət etmiş, liseydə şagirdlər üçün yaradılmış şərait, liseyin tədris sistemi və gələcək inkişaf planları ilə tanış olmuşdur. Ziyarətin sonunda liseyə ölkəmiz haqqında kitab və jurnallar hədiyyə edilmişdir.

Səfir daha sonra İzmirin Əliağa rayonunda yerləşən "Petkim PetroKimya" şirkətini ziyarət etmişdir. Ziyarət zamanı şirkətin baş direktoru Sadettin Korkut tərəfindən AR Dövlət Neft Şirkətinin Əliağa rayonundakı investisiya layihələri, o cümlədən "Petkim" neft-kimya kompleksi, "Star" neftayırma zavodu, "Petlim" konteyner limanının inşası durumu ilə bağlı təqdimat edilmiş, daha sonra isə həmin layihələrin həyata keçirildiyi ərazilərə ekskursiya həyata keçirilmişdir.

Səfərin ikinci günündə səfir Faiq Bağırov İzmir valisi Mustafa Toprak, İzmir böyükşəhər bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan, Egey bölgəsi sənaye palatasının sədri Ender Yorgancılar, eləcə də Azərbaycanın İzmirdəki diaspora üzvləri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin xüsusiliyi vurğulanmış və bütün sahələrdə uğurla davam edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Daha sonra səfir Faiq Bağırov Egey bölgəsi sənaye palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında iştirakçılara ətraflı məlumat vermiş və İzmirli iş adamlarını regionun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycana investisiya qoymağa dəvət etmişdir.

Səfir İzmir səfərinin sonunda şəhərdə yerləşən "Egey sərbəst sənaye bölgəsini" ziyarət etmişdir.

Regiona səfərinin üçüncü günündə səfir Faiq Bağırov Manisada olmuşdur. Səfir Manisa valisi Erdoğan Bektaş, Manisa böyükşəhər bələdiyyəsinin baş katibi Halil Memiş, Manisa ticarət və sənaye palatasının sədri Yaşar Coşkun, habelə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri ilə görüşlər keçirmişdir. Səmimi şəraitdə keçən görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyəsindən bəhs edilmiş və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılmışdır.

Daha sonra səfir Faiq Bağırov Manisa ticarət və sənaye palatasında çox sayda iş adamlarının iştirak etdiyi toplantıya qatılmış, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdə mövcud olan sərfəli investisiya mühitindən geniş şəkildə bəhs etmişdir.

Manisa səfərinin sonunda səfir Faiq Bağırov vilayətdə yerləşən "Manisa mütəşəkkil sənaye bölgəsi" ilə tanış olmuşdur.

Xəbər lenti

Xəbər lenti