...

İrakli Qaribaşvili: Gürcüstan enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdardır

Siyasət Materials 20 Sentyabr 2014 13:07 (UTC +04:00)
Gürcüstan enerji sahəsində əməkdaşlığa və bu əməkdaşlığın Cənubi Qafqaz regionuna faydasına görə Azərbaycana minnətdardır.
İrakli Qaribaşvili: Gürcüstan enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdardır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

Gürcüstan enerji sahəsində əməkdaşlığa və bu əməkdaşlığın Cənubi Qafqaz regionuna faydasına görə Azərbaycana minnətdardır. Trend xəbər verir ki, bu barədə şənbə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.

Baş nazir deyib ki, Azərbaycan Gürcüstanın yaxın dostlarından biridir və enerji sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərində xüsusi yer tutur: "Biz Azərbaycana bu sahədə göstərdiyi birgə səylərə görə təşəkükr edirik".

Onun sözlərinə görə, ölkələr artıq Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi mühüm layihələri həyata keçirib: "Bu yaxınlarda "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsindən qazın boru kəməri ilə Azərbaycan və Gürcüstandan, Anadolu qaz kəməri ilə Türkiyədən və daha sonra TAP qaz kəməri ilə Albaniya və İtaliyaya nəqlinə dair tarixi qərar qəbul edildi".

İ.Qaribaşvili hesab edir ki, bu layihə Avropada yeni qaz dəhlizi yaradacaq, regionun enerji xəritəsinin dəyişdirəcək və onun üçün geniş imkanlar yaradacaq: "Bundan başqa, bu layihə, həmçinin regionda iqtisadi inkişafa və maliyyə sabitliyinə, yeni iş yerlərinin yaradılmasına yardım edəcək. Bu, hamımız üçün vacibdir. Eyni zamanda, biz Azərbaycan və Türkiyə ilə birlikdə çox mühüm, qlobal hədəfləri olan Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzərində işləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti