...

Prezident İlham Əliyev: Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir

Siyasət Materials 23 Sentyabr 2014 18:42 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.
Prezident İlham Əliyev: Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm".

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir".

İlham Əliyev bildirib ki, tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində əsl vətəndaş mövqeyi nümayiş etdirirlər: "Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da ölkəmizin ictimai-siyasi həyatında və respublikada gedən böyük quruculuq işlərində yaxından iştirak edir".

Prezident vurğulayıb ki, Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır: "Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti